Gürcüstan ötən bir il ərzində bölgədə sabitliyin möhkəmləndirilməsi və dayanıqlı sülhün təmin olunmasına yönəlmiş balanslaşdırılmış qonşuluq siyasəti aparıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.

Qeyd olunub ki, Gürcüstanı Azərbaycan, Türkiyə və Ermənistanla sarsılmaz strateji tərəfdaşlıq münasibətləri bağlayır.

“Azərbaycan və Türkiyə ilə əməkdaşlıq mövcud birgə strateji əhəmiyyətli layihələrin hesabına daha da gücləndirilir. Qeyd etmək lazımdır ki, Türkiyə, Azərbaycan və Ermənistan əvvəlki kimi, Gürcüstanın ən iri ticarət tərəfdaşlarının ilk onluğuna daxildir. Hər üç qonşu dövlətlə ən yüksək səviyyədə münasibətlərin intensiv dinamikası qorunub saxlanılır”, - sənəddə deyilir.

Hesabatda Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatına da toxunulub. Bildirilib ki, bu formata xüsusi diqqət ayrılır və üç ölkənin xarici işlər, müdafiə nazirlərinin görüşləri və üçtərəfli biznes forumlar keçirilir.

Sənədə əsasən, hesabat ilində ölkələr arasında yüksək səviyyəli səfərlər və görüşlər çərçivəsində Gürcüstanın Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiya məsələləri müzakirə olunub.

Qeyd edək ki, sənəd artıq Gürcüstan parlamentinə təqdim olunub.

Hökumət başçısı hesabatla iyun ayının sonunda deputatlar qarşısında çıxış edəcək.

.