“Biz radikal müxalifəti təxribatlar planlaşdırmaqdan çəkinməyə çağırırıq. İstənilən təxribata dövlət tərəfindən ən sərt cavab veriləcək”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Baş Prokurorluğunun ötən gün yaydığı bəyanatla əlaqədar keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, “Gürcü Arzusu” partiyasının reytinqi hazırda 60 faizdir və müxalif Vahid Milli Hərəkat bu seçkilərdə 9-cu dəfə məğlubiyyətə uğradılacaq. Hökumət başçısı hüquq-mühafizə orqanlarını qarşıdakı iki həftə ərzində xüsusilə diqqətli olmağa çağırıb.
“Təqsirləndirilən Darço Xeçuaşvilinin şübhəli şəkildə Gürcüstana qeyri-qanuni daxil olmaq cəhdini və radikal müxalifətin partiya ofislərində gedən danışıqları nəzərə alaraq, mən bütün hüquq-mühafizə orqanlarını növbəti iki həftə ərzində daha ehtiyatlı olmağa və təxribatların qarşısını almaq üçün xüsusilə diqqətli işləməyə çağırıram”, - Kobaxidze bildirib.
Kobaxidze qeyd edib ki, dövlət heç kimə ölkədə qarışıqlıq yaratmağa imkan verməyəcək.
Xatırladaq ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu 2016-cı ildə sabiq deputat Givi Targamadzeyə qarşı sui-qəsd təşkil etmək ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilinin saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilib ki, şübhəlinin dindirilməsi zamanı Givi Targamadzenin izlənilməsi ilə bağlı tapşırığın sabiq Prezident Mixeil Saakaşvili tərəfindən verildiyi məlum olub. Məlumata görə, Saakaşvili Şota Çiçiaşvili ilə görüşdə ona Targamadzenin loyallığına şübhə etdiyini və izlənilməsi göstərişi verib. Çiçiaşvili isə bu işi Gürcüstan Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı olan Darço Xeçuaşviliyə həvalə edib. Qeyd olunub ki, bunun müqabilində Darço Xeçuaşviliyə Ukraynanın Odessa vilayətində vəzifə təklif edilib. 2016-cı ildə deputat Givi Targamadzenin avtomobili partladıldıqdan sonra Darço Xeçuaşvili Çiçiaşvilinin təlimatı ilə Türkiyəyə qaçıb.
Cinayət işində Saakaşvili ilə yanaşı Gürcüstanın sabiq daxili işlər naziri müavini, hazırda Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini olan Gia Lordkipanidzenin adı hallanır.
Qeyd edək ki, Givi Targamadze Baş Prokurorluğun bəyanatına etiraz edib. O, sui-qəsd cəhdinin arxasında sabiq Prezident Mixeil Saakaşvilinin deyil, Gürcü Arzusu partiyasının dayandığını, bununla əlaqədar dəlilləri Baş Prokurorluğa artıq təqdim etdiyini bildirib.
.