"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verildiyi gün tarixi bir gün idi. Bu, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən çox vacib və strateji bir layihədir".
Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani deyib.
Onun sözlərinə görə, regionun nəqliyyat şəbəkəsinə tamamilə yeni, müasir dəmir yolu xətti və infrastruktur əlavə edilib ki, bu da Avropa ilə Asiya arasında əlaqələri daha da dərinləşdirməyə imkan verir.
"Layihə ticari-iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar yaradır ki, bu da bölgədə mövcud yük daşımalarına göstərilən xidmətləri yaxşılaşdıracaq və Gürcüstanın Orta Dəhliz kontekstində rolunu daha da gücləndirəcək", - İoseliani əlavə edib.
Nazir müavini qeyd edib ki, Orta Dəhliz artıq alternativ deyil, son illərdə böyük aktuallıq əldə etmiş beynəlxalq əhəmiyyətli marşrutdur.
.
