Oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə qalib gələn partiya növbəti 4 il müddətində qonşu ölkəni idarə edəcək. Yüz minlərlə azərbaycanlının yaşadığı Gürcüstanda seçki ab-havasının necə olduğu maraq kəsb edir. Artıq seçki kampaniyasında bəzi  insidentlər baş verir. Ötən gün Qori şəhərindən bitərəf namizəd, sabiq müdafiə naziri  İrakli Okruaşviliyə atəş açılıb, nəticədə iki nəfər yaralanıb, namizədin özü isə ziyan görməyib.


Qonşu ölkədə seçki ab-havasından danışan hakim "Gürcü Arzusu” Hərəkatının nümayəndəsi, partiya xətti ilə siyahıda namizədliyi 20-ci yerdə qərarlaşan deputat Mahir Dərziyev deyir ki, hazırda Marneulidə seçki təbliğatı ilə məşğuldurlar: "Vahid Milli Hərəkatın nümayəndələri, digər partiyalardan olan namizədlər də buradadır. Hazırda tarixdə görünməyən seçki ab-havası var. Dinc və azad şəkildə namizədlər təbliğatını aparır. Mən 2012-ci ildə Marneulidən namizəd idim. İndiki rəqiblərimə də deyirəm ki, bu seçkilərlə 2012-ci il seçkilərini müqayisə edin. Azad və dinc şəraitində seçki kampaniyası gedir, qarşıdurma yoxdur. Biz iqtidarda olan partiyayıq və qarşıdurma, insidentlərin olması bizə sərf etmir”.


"Saakaşvili qarşıdurma yaratmaq istəyir”


Deputat deyir ki, internet və digər mənbələrdən daxil olan xəbərlərə görə, müxalifət, xüsusilə Vahid Milli Hərəkat Partiyası seçkilərdən sonra müxtəlif bəhanələrlə qarşıdurma yaratmaq istəyir: "Bu yaxınlarda Saakaşvilinin öz partiyasının fəalları ilə danışığı yayıldı. Onlar nəyisə bəhanə edərək seçkidən sonra inqilab həyata keçirmək, ssenarilər hazırlamaq istəyirlər. Bizim hökumətin güc strukturları, baş nazir bəyan etdi ki, ictimai asayişin pozulmasına yönələn hərəkətlərin, qanuni hakimiyyətə qarşı atılan addımların qarşısı dərhal alınacaq. İndi demək olar ki, Gürcüstanın hər yerində xırda insidentlər nəzərə alınmadan seçki mərhələsi azad və demokratik şəkildə gedir. Namizədlərə təzyiqlər, fəallara təsirlərin göstərilməsi 2012-ci ildə qalıb. Bundan əvvəl prezident və bələdiyyə seçkiləri keçirilib. Bütün bu seçkiləri beynəlxalq qurumlar dəstəkləyib, azad və demokratik olduğunu elan edib”.


Seçicilərin 30 faizi kimə səs verəcəyini müəyyən etməyib


Seçkilərlə bağlı ictimai rəydə hansı qüvvənin daha populyar olduğuna gəldikdə Mahir Dərziyev deyir ki, bu məsələ bir qədər fərqlidir: "2012-ci ildə rəy sorğuları keçirilirdi. O zaman hakimiyyətdə Sakaaşvili idi. Əksər rəy sorğularında "Gürcü Arzusu”na az faiz verirdilər və deyirdilər ki, Vahid Milli Hərəkat Partiyası qalib gələcək. İndi də Vahid Milli Hərəkata yaxın qurumların rəy sorğularında guya onların alacağı səs faizləri "Gürcü Arzusu”na yaxınlaşıb. Ayrı rəy sorğuları var. Bu yaxınlarda Alman təşkilatının rəy sorğusuna görə, seçicilərin 50 % "Gürcü Arzusu” nu dəstəkləyir. Amma bizə bəllidir ki, seçicilərin 30 %-i rəy sorğularında mövqelərini müəyyən etmədiyini deyir. Bu reallıq var. Yəqin ki, seçkilər yaxınlaşdıqca onlar da öz mövqeyini dəqiqləşdirəcək. Seçki günü həm də exit-poll keçiriləcək. Bunun biri Vahid Milli Hərəkat Partiyasının ideoloji ruporu olan Rustavi-2 kanalının sifarişi ilə keçiriləcək. Digər exit-poll isə İctimai Televiziya və digər iki kanalın sifarişi ilə keçiriləcək”.
Sabiq nazirə məişət zəminində hücum edilib... 

 

Sabiq müdafiə naziri  İrakli Okruaşviliyə qarşı Qoridə baş verən sui-qəsdə gəldikdə M. Dərziyev bildirib ki, hadisə zamanın iki nəfər yaralanıb: "Hazırda istintaq gedir. İlkin araşdırmalara görə, bu şəxsi və məişət münaqişəsi zəminində baş verən hadisədir. Bu şəxs vaxtında nazir oldu, Saakaşviliyə qarşı bəyanat verdi, həbs edildi və sonradan ölkədən getdi. Bu şəxsə qarşı hücumların olması hakimiyyətə heç bir halda sərf etmir. Bu şəxsi zəminində baş verən çox pis hadisədir”.


Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov isə deyir ki, seçkilərə artıq 5 gün qalır: "Təzyiqlər altındayıq. Hakimiyyət elan edir ki, təzyiq və təsir yoxdur. Ancaq dövlət məmurları, güc strukturları seçki prosesinə qoşulub. Bizim partiyanı hər yerdə sıxırlar. Buna baxmayaraq seçici istədiyi namizədə səs verəcək. Ancaq biz bilirik ki, məmurlar, müəllimlər, büdcə qurumlarında çalışanlara deyirlər ki, başqa partiyalara səs versəniz, işdən çıxarılacaqsınız. Bütün bunlara baxmayaraq, yəqin ki, seçkidən sonra biz və hakimiyyətdə olan indiki partiya bir-birimizi təbrik etməli olacağıq”.


Azər Süleymanov: "Oktyabrın 9-da "Gürcü Arzusu” bizi təbrik etməli olacaq"


Müxalifət təmsilçisi qeyd edir ki, artıq səs sorğularında əsas müxalifət partiyası irəlidədir: "Rəy sorğusunda seçicilərin 26 % Milli Hərəkat partiyasına, 25,4 % isə "Gürcü Arzusun”a səs verir. Hər bir reytinqdə bizim partiyamız öndədir. Hesab edirəm ki, oktyabrın 8-də seçki olacaq, 9-da isə "Gürcü Arzusu”bizi təbrik etmək məcburiyyətində qalacaq”.


Vahid Milli Hərəkat Partiyası insanları küçələrə dəvət etməyəcək


Azər Süleymanov deyib ki, Vahid Milli Hərəkat Partiyası seçkidən sonra hər hansı bir ssenari hazırlamaq, insanları küçələrə çıxarmaq niyyətindən uzaqdır: "Əgər hökumət bu cür düşünürsə, deməli qorxulu yuxular görürlər. Düşünürlər ki, seçkiləri uduzacaqlar. Odur ki, hər şeyi bizim üstümüzə atmaq istəyirlər. Bizim partiya heç vaxt onlar düşündüyü və arzu etdiyi yola əl atmaz. Gürcüstan demokratiya yolundadır. Bizim qanun pozuntusuna yol verməyimiz mümkün deyil. Sivil və demokratik seçki keçirilməli, seçici istədiyi namizədə səs verməlidir. Əgər hökumət narahatdırsa, deməli bunu fəaliyyətlərində buraxdığı səhvlərdə axtarmalıdır. 4 il əvvəl onlar kresloda əyləşdilər, əllərindən bir iş gəlmədi, indidə problemləri kiminsə üzərinə qoymaq istəyirlər. Artıq XXI əsrdir və bu ittihamlar ciddi deyil. Həm də sürətlə gedən qatarın qarşısına kiminsə çıxması mümkün deyil. Təxribatlar bizlik deyil. Biz 2012-ci ildə hakimiyyəti "Gürcü Arzusu”na sivil yolla təhvil vermişik, dövlətin büdcəsi dolu olub, bütün strukturlar işlək vəziyyətdə idi. Çox güman ki, 2016-cı il parlament seçkilərindən sonra bütün bunları dağılmış formada yenidən qəbul edəcəyik”.


.