Gürcüstanın azərbaycanlı vətəndaşlarının əksəriyyəti prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə səs verib.
"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarında əks olunub.
Azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 63 seçki məntəqəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Salome Zurabişvili 40,23%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,63% səs toplayıb.
Marneuli rayonunda isə 90 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə, S.Zurabişvili 47,79%, Q.Vaşadze isə 39,05% səs əldə edib.
S. Zurabişviliyə ən çox səs Bolnisi rayonunda verilib. Xanım namizəd rayonun 62 seçki məntəqəsi üzrə 59,18% səs qazanıb. Q.Vaşadzenin topladığı səs isə 31,45% təşkil edib.
Dmanisi rayonunda 50 seçki məntəqəsində S.Zurabişvili 48,43% səslə Q.Vaşadzeni (39,71%) üstələyib.
Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilən səsvermənin nəticələri açıqlanıb
Ötən gün Gürcüstanın Azərbaycandakı səfirlyinidə prezident seçkiləri üzrə keçirilən səsvermənin yekun nəticələri açıqlanıb.
Bakıda səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin dəstəkləyib.
Diplomatik nümayəndəlikdə fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə Q.Vaşadze 88, müstəqil namizəd Salome Zurabişvili isə 39 səs toplayıb.
Bakıda səsvermənin aparıldığı üç seçki məntəqəsi üzrə nəticələr aşağıdakı kimidir:
4 saylı seçki məntəqəsi: Q.Vaşadze 35 səs, S.Zurabişvili 13 səs. Məntəqədə ümumilikdə 54 seçici səs verib.
5 saylı seçki məntəqəsi: Q.Vaşadze 36, S.Zurabişvili 12 səs. Məntəqədə səs vermiş seçicilərin ümumi sayı 53 nəfər təşkil edib.
6 saylı seçki məntəqəsi:Q.Vaşadze 17, S.Zurabişvili 14 səs. Məntəqədə ümumilikdə 40 seçici səsvermədə iştirak edib.
Qeyd edək ki, Gürcüstanda keçirilmiş prezident seçkisi üzrə 41 ölkədə 55 seçki məntəqəsi açılıb. İlkin nəticələrə görə, xaricdə yaradılan seçki məntəqələrində ümumilikdə Q.Vaşadze qalib gəlir.
MSK-nın məlumatına əsasən, ölkə üzrə seçki məntəqələrinin 99,95%-i üzrə səslər sayılıb. Nəticələrə görə, S.Zurabişvili 615 403 səs (38,63%), Q.Vaşadze isə 601 175 səs (37,74%) əldə edib. Qonşu ölkədə prezident seçkilərinin ikinci turu seçkilərin yekun nəticələrinin elan olunmasından iki həftə sonra keçiriləcək. Yekun nəticələrin elan olunması üçün maksimal müddət seçki günündən sonra 20 gün təşkil edir.
.
