Göyçay rayonunda yük avtomobili yanıb.

Hadisə bu gün saat 17:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb.

Göyçay sakini İsmayılov Fariz Şahpənəg oğlu idarə etdiyi 99-CM-383 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib.

Nəticədə avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb.

Hadisə zamanı polis əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti dayandırılıb, yanğın söndürüldükdən sonra hərəkət bərpa edilib.

 

.