Dünən günorta saatlarında Göyçay şəhərində beş nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar-Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. Qeyd olunub ki, dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
.