Goranboyda növbəti sel suları yenə fəsadlara səbəb olub.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, iyunun 22-si saat 15:00-15:30 radələrində baş verən leysan yağışları nəticəsində Kürəkçay çayında suyun səviyyəsi artıb, yaranan sel suları Goranboy rayonun Nizami, Dəyirmanlar, Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində əkin sahələrinə, yol infrastrukturuna, Azad-Nizami avtomobil yolunda olan körpüyə və Todan kəndində 1 fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurub, Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə və zirzəmisinə dolub.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlanıb. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

.