O, eyni zamanda həm generalları, həm naziri, həm də kriminal aləmin nüfuzlu şəxslərini müdafiə edir. Deyir ki, mənim üçün heç bir baryer yoxdur. Üzdən zəhmli görünən və əsasən amiranə səs tonu ilə danışan bu şəxsin elə maraqlı hobbiləri ilə rastlaşdıq ki, başqası desəydi, inanmazdıq.
Lent.az-ın müsahibi Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, tanınmış vəkil Kamandar Nəsibovdur. Hazırda MTN generalı Akif Çovdarovu müdafiə edir. Barəsində çox danışılan vəkil özü barədə bizlərə bunları deyir:
- Gürcüstanın Rustavi şəhərində doğulmuşam. Amma əslimiz oralı deyil. Qazaxın Kəmərli kəndindənik. Atam gənclik illərində Bakıda yaşayıb, böyük qardaşım da Bakıda anadan olub. Sonralar isə biz Rustaviyə köçdük. Orda böyümüşəm, orta məktəbi də Rustavidə bitirmişəm. Daha sonra Ali Hərbi Məktəbə oxumağa getdim. 1-ci kurs başa çatdı, gördüm yox e, hərbçi sənəti mənlik deyil. Səhər tezdən dur, onlar istəyəndə yat, hər dəqiqə əmr al... Bunlar mənim xarakterimə tərs idi.
- Düzü, zahirən daha çox hərbçiyə oxşayırsınız, amiranə səs tonu, göstəriş vermək vərdişləri, görkəminiz...
- Hə, bunu mənə çox deyiblər. Hətta Hərbi Məktəbin direktoru mənə dəfələrlə dedi ki, getmə. Ona görə mənim məktəbdən çıxmağım 2-3 ay çəkdi. Məktəbdə ciddi idmanla məşğul idim. Boks üzrə idman ustasıyam. 1-ci kursdaca beynimə qoydum ki, hərbini atacam. Başladım yuxarı idarələrə raportlar yazmağa ki, məni hərbi məktəbdən çıxarsınlar. General-mayor Afyorov mənə deyirdi ki, oğul, səndə komandir sifəti, ruhu var, yaxşı idmançısan. Amma fikrimdən dönmədim. Həm də mən orda olan zaman məzunların təyinatına baxdım. Gördüm, 95 faiz məzunları Tayqaya göndərirlər və həmin yerdə də 5 il məcburi xidmət aparmalı idin. Biz düz-əməlli qar-qış görməyən adamlarıq, Tayqada nə işimiz var?
Məni məktəbdən çıxardan kimi əsgərliyə göndərdilər. O zaman hərbi xidmət 2 il idi. Yalnız mən onun bir hissəsini Ali Hərbi Məktəbdə oxuduğum üçün qısa bir dövr, təxminən 8 ay müddətinə Rusiyanın Perm şəhərində hərbi xidmət keçdim. Orda da idmanla məşğul olduğum üçün elə də ciddi əsgərlik eləmədim. Məni xüsusi dəstəyə seçdilər. Daha sonra biz mülki geyimdə şəhərdə gəzirdik. Cəzaçəkmə müəssisəsindən kimsə qaçardısa, onun keçmiş SSRİ üzrə axtarışını biz təşkil edirdik.
Hərbi xidməti başa vurandan sonra Perm Dövlət Universitetinin Hüquq fakültəsini oxudum. 1989-cu ildə Bakıya köçdüm.
- Vəkilliyi seçdiyiniz üçün peşman deyilsiniz?
- Qətiyyən. Yaş ötdükcə gördüm ki, seçimim tam doğru olub. Kiminsə göstərişini yerinə yetirə bilmərəm. İki dəfə hakimliyə sənədlərimi verdim. İmtahanları da yaxşı başa vurdum. Lakin hakim təyin olunmadım. Müxtəlif dairələrdən bunun səbəbini mənə izah etdilər. Dedilər ki, sən sözəbaxan deyilsən, səndən hakim olmaz (gülür).
- Hakimlərlə yola getmirsiniz, dəyəsən...
- Hakimlərin çoxu ilə münasibətim yaxşıdır. Çünki onların əksəriyyətini vəkil və katib işlədikləri vaxtdan tanışam. Hamısı da məni yaxşı tanıyır. Bilirlər ki, əsəbiləşib qışqırsam da, uzağı 5 dəqiqə çəkir. Bir də görürsən, vəkil həmkarımla məhkəmədə dalaşıram, çölə çıxanda deyib-gülürəm.
- Akif Çovdarovla tez-tez görüşürsünüz, elə məqamlar olurmu ki, ona bir insan kimi ürəyiniz ağrısın?
- Hə, tez-tez görüşürəm onunla. Sizə bir şeyi səmimi deyəcəyəm. Mən bu işlərdə çalışıram özümü həmin insanın yerinə qoyum ki, bax bu vəziyyətdə oturan indi mən ola bilərəm. İşdəki zərərçəkənlərin əksəriyyəti dələduzdurlar. Çovdarova deyirəm, bax, o vaxt bu cür dələduzları həbs etməmisən, indi hamısı gəlib sənin üzünə durur. O da deyir ki, nə edim, hərəsinə görə müxtəlif yerlərdən zəng edib, xahiş edirdilər. Hərdən Çovdarovu başa düşürəm. Adam o cür kresloda oturanda istər-istəməz müxtəlif dairələrdə insanlarla münasibəti olur, sözünü yerə sala bilmirsən.
- Cəmiyyətdə Çovdarovu "qaniçən general” kimi tanıyırlar...
- Çovdarov çox duyğusal adamdı. Nəvələrini çox sevir. Hər dəfə təcridxanada oturub onunla söhbət edəndə, birdən ağlına gəlir, deyir indi nəvələrimin yatmaq vaxtıdır. 8 nəvəsi var. Deyir ki, onlarla səhərdən axşama kimi oynasa da yorulmurmuş. Mən də deyirdim ki, yaman hövsələn varıymış elə... Mənim də 4 nəvəm var. Hamısı evə yığışanda uzağı yarım saat onlarla oynayıram, sonra qaçıb gizlənirəm ki, dincəlim.
Mən onu 90 faiz qurban hesab edirəm. Qalan 10 faiz əməlləri isə cinayət deməzdim, üzüyumşaqlığı, hərdən bir kiməsə kömək etmək məqsədi ilə vəzifə səlahiyyətlərini aşmağı və s. olub. Bunu mən onun özünə də deyirəm. Biri digərinə "atıb" pulunu verməyəndə işə özü qarışıb. Deyirəm ki, verəydin müvafiq qurumlara, tapşırardın, məsələni həll edərdilər də. Həmin məsələlərdə Çovdarovun şəxsi, maddi marağı olmayıb.
- Digər generallardan fərqli olaraq, Çovdarov bir dəfə də olsun keçmiş nazir Eldar Mahmudovun adını çəkmir. Halbuki, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev istintaq zamanı bütün əmrləri Eldar Mahmudovdan aldığını deyiblər. Sizcə, Çovdarov Eldar Mahmudovu qoruyur?
- Bəzən bu sualları mən də Çovdarova verirəm. Deyir ki, mənə ittiham verilibsə və onları mən doğurdan da eləmişəmsə, günah məndədir, naziri niyə qatım bura? Onun sözlərinə görə, Eldar Mahmudov ona qanunsuz göstəriş verməyib, deməyib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə elə. Onsuz da Çovdarova verilən ittihamları sübuta yetirə bilmirlər. Məsələn, deyirlər ki, agentura şəbəkəsinə görə Çovdarova 3 milyon yeyinti yazılıb. Halbuki bunu heç cürə sübuta yetirə bilmirlər. Sübut olunması üçün hər bir agent dindirilməli idi. Heç biri dindirilməyib. Bu elə iş deyildi ki, agentdən qəbz alasan, deyəsən ki, bax sənin pulunu verdim ha...
- Sizcə, Eldar Mahmudovun həbsdəkilərə təzyiq etməsi mümkündür?
- Mən digərləri barəsində deyə bilmərəm. Şəxsən Akif Çovdarovla bağlı belə bir şey olsaydı, bilərdim. Hüquq sahəsində 37 ildir işləyirəm. Elə bir şey olsaydı, yarım saat söhbət edən kimi, hiss edərdim. Çünki biz Çovdarovla ancaq ittihamla bağlı söhbət eləmirik. Hər şeydən danışırıq. Hətta eyni yerdə saxlanılsa da, onun digərləri ilə heç bir əlaqəsi yoxdur. Hərdən məndən soruşur, bizim keçmiş rəhbərdən nə xəbər var, nə olub, necədir?
- Bəs Mahmudov, heç olmasa, Çovdarovun ailəsi ilə əlaqə saxlayır?
- Elə bir şey olsaydı, onu da bilərdim. Çünki Çovdarovun Eldar Mahmudovla münasibətləri çox yaxşı olub. Özü də bu barədə danışır. Eldar Mahmudovun onun ailəsinə nə isə ismarıc göndərməsinə inanmıram. Çünki Çovdarov uşaq deyil, bilir nə danışır. Eldar Mahmudovdan 10 yaş böyükdür. Mənə elə gəlir ki, sabiq nazirin ona hər hansı mesaj göndərməsinə də ehtiyac yoxdur. İndi də Çovdarov eks-şefinə hörmətlə yanaşır.
- Siz bir tərəfdən Çovdarovun müdafiəçisisiniz, MTN-lə bağlı icraatda olan digər işdə, Sübahir Qurbanovun cinayət işində isə zərərçəkmişi müdafiə edirsiz. Bu necə olur? Bir tərəfdə MTN generalını müdafiə edirsiniz, digər tərəfdən MTN-nin qurbanını?
- Mən MTN-in müdafiəçisi deyiləm ki. Yalnız Çovdarovun vəkiliyəm. Ona verilən ittihamlarla razılaşmadığım üçün müdafiə edirəm. Sübahir Qurbanovun işindən uzaqlaşdırıldım. Dedilər, ziddiyyət var. Qoy olsun, başqa vəkili həmin işə qoşduq, heç bir problem qalmadı. Sübahir Qurbanovla bağlı demək istəyirəm ki, həmin cinayət işində müdafiə etdiyim Cəmşid Novruzova qarşı cinayət törədilib. Çünki saxta sənədlərlə onun 4 mərtəbəli qeyri-yaşayış obyektini əlindən alıb, Sübahir Qurbanovun oğluna veriblər.
- Çovdarovu əvvəldən tanıyırdınız?
- Bəli. Bir dəfə telefon danışığımız olub, mübahisə etmişik. Təxminən 7-8 il qabaq MTN-lə bağlı işimiz olub. Mən də Antiinhisar Komissiyasının sədr müavinini müdafiə edirdim. O işlə bağlı MTN-ə çoxlu sorğular yazırdım. Onda Çovdarov telefonla zəng elədi mənə dedi ki, sən nə qədər sorğu verirsən? Mən də dedim ki o qədər sorğu verəcəyəm ki, sonunda cavab alım. Əsəbiləşdi, telefonun dəstəyini atdı yerə. Bundan başqa heç bir söhbətimiz olmayıb.
- MTN işi üzrə keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da istintaqda dindirilib. Siz həmçinin sabiq nazirin də müdafiəçisi olmusunuz. Bu barədə nə deyə bilərsiniz?
- Əli Abbasov həm "MTN işi”, həm də "Rabitə işi”ndə şahid qismində istintaqda dindirilib. Lakin məhkəmədə şahid qismində dindirilməyəcək. Müvafiq ifadələr verib, istintaq onu başqa bir statusda dindirməyib.
- Həmçinin siz "Beynəlxalq Bank işi” üzrə çox sayda təqsirləndiriləni müdafiə etmisiniz. Onların hamısı azadlığa çıxdı?
- Həmin iş üzrə biz 6 nəfər təqsirləndirilənin vəkili idik. Onlardan Fətulla Hüseynovun oğlu Adil Hüseynovun işinə mən çıxırdım. O, bankın Dubay filialının rəhbəri idi. Digərlərinə isə bizim vəkillər baxırdı. Onların hamısı iş adamlarıdı və hər birinin azadlığa çıxmasına nail olduq.
- Siz həm də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüsünüz. İndiyə qədər hansısa vəkili kollegiyadan çıxarılmasına səs vermisizmi?
- Bircə Aslan İsmayılovun məsələsində hesab elədim ki, o haqlı deyildi. Onu iclasa çağırmışdıq. Gələn kimi bizim yaxamızdan yapışıb dedi ki, siz rüşvətxorsunuz. Mən də sözünü kəsdim dedim ki, yəqin çaşmısan, biz burda hakimlər deyilik, kollegiyanın iclasına gəlibsən.
- Generalı, naziri də müdafiə edirsiniz, qanuni oğru "Lotu Quli”ni də...
- Nəinki Nadir Səlifovun, hətta onun qardaşının da müdafiəçisi olmuşam. Hazırda bacısının ərinin məhkəmə işində vəkiləm. Onun qardaşı Müşfiq Səlifovun işi də hazırda Avropa Məhkəməsindədir. Avropa Məhkəməsi ilə 7-8 aylıq yazışmamız var. Təxminən 1-2 ay müddətinə qərar elan ediləcək. Müşfiq 2005-ci ildə şərlənib həbs edilmişdi. Onun qabağına əntiq bir silah qoyub, tutmuşdular. 12 il iş verilmişdi. Daha sonra cəzası azaldıldı. Vaxtından əvvəl azadlığa çıxdı. O tutulan zaman Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi idi. 3-cü kursu bitirmişdi. Bizim müraciətlərimizdən sonra BDU-ya bərpa olundu, təhsilini bitirdi. Daha sonra ölkədən çıxıb getdi. Hazırda Türkiyədə sahibkarlıqla məşğuldur.
- "Lotu Quli”yə telefon keçirmə söhbəti vardı, hətta sizə cinayət işi açılmışdı. Doğurdan ona telefon aparırdınız?
- Birincisi, üstümdə aşkar edilən telefon deyildi, adi modem idi. Modem də mənə məxsusdur. İçindəki nömrə də adıma idi. Bir fikirləşin, o qədər ağılsız adamam ki, adıma olan kartla içəri girim? O sabah üzə çıxacaq axı... Sadəcə, bizi hədəf seçmişdilər. Özləri də dəfələrlə yazırdılar ki, Nadir Səlifov internetə girir, "skype” ilə danışır. Həm də modemi heç içəri aparmamışdım axı. Özüm əşyaları ora qoyanda onu da cibimdən çıxardım. Dedilər bu nədir? Dedim ki, modemdir. Modemin nə olduğunu bilmədilər. Onsuz da həbsxanada 15-16 ədəd şəbəkə öldürücü aparatlar var. Modem onsuz da içəridə işləməyəcəkdi. Yalandan cinayət işi açdılar.
- Sosial şəbəkələrdə aktivsiniz. Tez-tez jurnalistlərlə də sözünüz çəp gəlir, ən çox da Eynulla Fətullayevlə...
- Bizim onla vaxtilə yaxın münasibətimiz olub. Xoşuma gəlməyən, mənim iş istiqamətimə uyğun olmayan paylaşımları olanda öz fikrimi bildirirəm. Baxmıram ki, dostdur, tanışıdır, sözümü deyirəm. Sözü heç vaxt içimdə boğmuram. Bu mübahisələr onunla şəxsi münasibətlərimizin korlanmasına səbəb olmayıb. Məni tanıyanlar bilir ki, dava yalnız həmin mübahisənin ətrafında gedə bilər. Hasardan bu tərəfə keçdin, vəssalam, o məsələni unuduram.
- Otağınızda olan şəkillər yəqin övladlarınızındı?
- Hə, bir oğlum, bir qızım var. Oğlum indi tanınmış şirkətlərin birində hüquq departamentinin rəisidir. Avropada təhsil alıb. Hüquq üzrə doktoranturanı da müdafiə edib. Ailəlidir, 2 uşağı var. Qızım da təhsilini İsveçrədə başa vurub. O da ailəlidir, iki övladı var. Mətbuat orqanlarının birində çalışır.
- Şəkillərdə xanımınızı da görürük. Əcnəbi xanımla ailə qurmusuz deyəsən...
- Hə, azərbaycanlı deyil. Permdəndi. 20 yaşımda ailə həyatı qurmuşam. 36 ildir ki, evliyik.
- Xanımınız Azərbaycana gəldiyinə peşman deyil ki?
- Yox. Hara gedirik, deyir evə qayıdaq. Yaponiyaya getdik, 4 gün sonra dedi yox, qala bilmirəm, Azərbaycana qayıdaq. Türkiyəni çox sevir. Orda özünü çox rahat hiss edir.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Yeyib-içirəm, səyahət edirəm. Ən aşağısı 30-40 ölkəni gəzmişəm. Mənim üçün gəzmək hər şeydir. Afrikanın hər yerində olmuşam, ərəb ölkələrini gəzib bitirmişəm. Hətta Dubayda cinayət, mülki işlər üzrə insanları müdafiə belə etmişəm. Sonra İordaniyada, Türkiyədə, Gürcüstan, İsveçrədə, Londonda işlər aparmışam. O işlərdə nümayəndə kimi çıxış edirdim. İş olanda gedirəm, həmin ölkədən vəkil tapıram. Onun nümayəndəsi kimi işə çıxaram. Çünki həmin şəxslər mənim kimi işin dərinliyini bilmir. Onsuz da qanunvericiliyin bazası bütün ölkələrdə eynidir.
- Gürcü mətbəxini sevirsiniz, yoxsa Azərbaycan?
- Hər ikisini, hətta türk mətbəxinə də bəyənirəm. Ümumiyyətlə, yeyilə bilən hər şeyi yeyirəm (gülür) İlan, qurbağa da yemişəm. Hətta Afrikada timsah, Tailandda və İndoneziyada kobra da yedim.
- Hansı içki növünü sevirsiniz?
- Ümumiyyətlə, çox içki içən deyiləm. Sadəcə kolleksiyasını yığmağı sevirəm. Evdə, bağda, ofisdə müxtəlif cür içkilər var. Kolleksiyamda elə viskilər, konyaklar var ki, 30 illikdir. Tək içə bilmirəm, kampaniya olanda içərəm yalnız. Bu yaşa qədər özümü heç vaxt sərxoş hiss eləmişəm. İçkini sərxoş olmaq üçün yox, kefimi açmaq üçün içirəm.
- Otağınızda maraqlı suvenirlər var. Hamısını özünüz almısınız?
- Hər ölkəyə gedəndə ona aid suvenirlər almışam. Hədiyyə də var. 15 ilə yaxındır, kolleksiya yığıram. Çoxunu pulla almışam. Burda elə suvenir var ki, 1700-1800 dollar pul vermişəm. Cibimdə sonuncu qəpiyim də olsa, alıram. Arvad deyinə-deyinə qalır (gülür).
- Burda suvenirlər içində ən çox gürcülərin xalq qəhrəmanlarının təsvirlərini görürük.
- Əlbəttə, Gürcüstan mədəniyyətini çox sevirəm. Hətta gürcü dilində çox yaxşı danışıram. Bax bu (suvenir göstərir – red.) məşhur "Əsgər atası" filmindəki ata obrazıdır. Qızıl və gümüş işləməlidir. Kifayət qədər də qiyməti var.
***
Adi vəkil otağı deyil bura. Bir tərəfdən Akif Çovdarov, Vidadi Zeynalov, Sübahir Qurbanovun cild-cild işləri yığılıb, ətrafda saysız-hesabsız zınqırov suvenirləri, ekzotik balıqqulaqları... Akvariumda isə başqa bir əsrarəngiz mənzərə - rəngarəng balıqlar, hətta dəniz ulduzu...
Səbinə ƏVƏZQIZI, Səlcuq ELÇİN