"Bir çox Avropa ölkələrində meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb".
Bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər:
"Su çiçəyi və meymunçiçəyi xəstəlikləri iki fərqli xəstəliklərdir, törədiciləri də müxtəlifdir - iki fərqli viruslardır. Su çiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Meymunçiçəyi xəstəliyinin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir".
Afaq Əliyeva deyib ki, su çiçəyi ilə müqayisədə meymunçiçəyi xəstəliyi zamanı səpgilər daha dərin və həcmli olurlar:
"Meymunçiçəyi ilə su çiçəyi xəstəliklərinin simptomları arasında əsas fərq meymunçiçəyi zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya)".
.