"1973-cü ilin noyabrı idi. Onda rayonda olurduq. Səhər saat 5-də bacım oyatdı ki, gözün aydın, oğlun olub. Səhər "Kirovabad” gəmisini Qara dənizə aparmalıydıq. Vaxt yox idi. Tezdən Bakıya qayıtmalıydım. Oğlumu görə bilmədim. Birbaşa Bakıya gəldim. Oğlumu 7 ay sonra gördüm. Yekə oğlum varmış!”
Müsahibimiz "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qocaman kapitanı Axundov Muxtar Bəhram oğludur. Deyir, dənizçi olmaq ailədən uzaq qalmaq deməkdi: "Aylarla uşaqlarının üzünü görmürsən. Evin bütün yükü xanımın üstünə düşür. 3 övladım var: iki oğlan, bir qız. Heç birinin doğumunda evdə olmamışam”.
1946-cı ildə Salyanda dünyaya göz açıb, orada orta təhsili alıb. Gəmi kapitanı olmaq onun uşaqlıq arzusu olub.
- Evimiz Kürün lap sahilində idi. Aramızda 20 metr məsafə vardı. Kürdə işləyən gəmilərə həvəslə baxardım. Atam "15 yaşlı kapitan” adlı kitab hədiyyə etmişdi. Kitabı oxuyandan sonra artıq dənizçi olmağa qərar vermişdim. Atamın bibisi qızı istəmirdi mən dənizçi olum. Deyirdilər, sən yaxşı oxuyursan, niyə dənizə gedirsən? Hüquqşünas, yaxud həkim ol. Səkkizinci sinifdə gəldim Bakıya imtahan verməyə. Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə. İmtahanları verdim, amma adım məktəbə qəbul olunanların siyahısında çıxmadı. Qayıtdım rayonumuza, doqquzuncu sinfi oxumağa. Üstündən bir ay keçdi. Sovet dövründə bizi pambığa aparırdılar. Atamın bibisi televizorda eşidib ki, həmin məktəb yenidən qəbul elan edir. Bunu mənə deyincə, anama dedim, mən gedirəm Bakıya. Məktəbin direktoru Kardaşov idi. Getdim onun yanına. Mənə dedi ki, onda sən ol mexanik. Dedim, yox, mən gələcəkdə kapitan olmaq istəyirəm. Hündür kişi idi, əsəbiləşib yerindən qalxdı. Dedi, mən də mexanikliyi bitirmişəm, bu məktəbin direktoruyam. Dedim, yox, mən kapitan olmaq istəyirəm. Kişi hirsləndi, dedi, onda get təzədən imtahan ver. Gəldim ədəbiyyat müəlliminin yanına. Dedi, oğlum, mən səndən bir dəfə imtahan götürmüşəm, sən də məndən bir dəfə qiymət almısan. İkinci dəfə imtahan verməyə ehtiyac yoxdu. Səhəri gün riyaziyyat müəlliminin yanına getdim. Əmirxanov məni görən kimi tanıdı. Dedi, sən qiymət almısan. Bəs sən niyə keçməmisən, oğlum? Dedim, bilmirəm, adım siyahıda çıxmayıb. Mənə dedi, gəl. Getdik, məktəbin tədris hissə müdiri Yaqub müəllimin yanına. Dedi, bu uşaq hər iki imtahandan əla qiymət alıb, amma məktəbə qəbul olmayıb. Bu necə olur? İmtahan komissiyasının sədrini çağırdılar. Bakıxanov müəllim dedi ki, bilirsiniz, bu uşağın valideynləri istəmir o dənizçi olsun. Sən demə, atamgil məktəbə zəng ediblərmiş. Direktor məndən soruşdu ki, oğlum, nə fikirləşirsən? Dedim, mən dənizçi olmaq istəyirəm!
Və 1962-ci ilin oktyabrından dərsə başlayır.
- 63-cü ildə Bakı Dəniz Yollarının Gəmi sürücülük şöbəsinin 1 kursunu bitirən uşaqların dəniz praktikası yelkənli gəmiyə düşdü. Xerson Dəniz Yolları Məktəbinin gəmisi vardı - "Tovariş”, 160 tələbə arasından əlaçıları tələbələrdən 40 nəfəri ora göndərdilər. Bizə "dördüncü rota” deyirdilər. 4 ay Qara dənizin limanlarında praktikada olduq. Qalan uşaqlar Xəzər dənizində. Xəzər Dəniz Gəmiçiliyinin quru yük və neft daşıyan 20-yə yaxın gəmisi Qara dənizdə işləyirdi. 4-cü kursu "Kaspi”, "İnjener Belov”, "Alma-ata” gəmilərində praktika keçdim. Ondan sonra Bakı-İran xəttində matros işlədim. 1967-ci ilin fevralında Bakı Dəniz Yolları Məktəbindən məzun oldum. 68-ci ilin mayında təkrar imtahan verdim və 12 min tonluq "Çurupa” tankerində kapitanın üçüncü köməkçi işləməyə başladım. 69-cu ilin aprel ayında həmin gəmidə oldum ikinci köməkçi, sonra baş köməkçi.
Nəhayət, 1979-cu ildə uzaq səfərlər kapitanı diplomu alır və kapitan kimi sərbəst gəmi idarə etməyə başlayır.
- Həmin gəmi indi Rəşid Behbudov adını daşıyır. Quru yük gəmisi idi. Bu gəmiylə Hind okeanı, Atlantik okeanını üzüb keçmişəm. 1973-dən 79-a qədər kapitanın baş köməkçisi olmuşam. Mənim müəllimlərim təcrübəli kapitanlar olub deyə, özüm kapitan olan zaman artıq təcrübə yığmışdım. "Çurupa” gəmisiylə Bakı-Neft daşları-Bakı istiqamətində neft daşıyırdıq. Kapitanın ikinci köməkçisi idim. Axşam saat 10 olardı. Neft Daşlarına çatmağımıza 2 saat yarımlıq məsafə qalmışdı ki, gəminin həkimi zəng elədi ki, kapitanın vəziyyəti pisdi. Gəmini idarə edə bilməz. Zəng elədim gəmiçiliyin rəisinə. Dedi, geri qayıdın. Dedim, kapitan bilsə, acığı tutacaq. Dedi, sən ona heç nə demə. İlk dəfə 12 min tonluq tankerlə təkbaşına indiki Ağ şəhərin limanına yan aldım. Yeni kapitan gəldi, soruşdu, bu gəmini kim yan alıb? Dedim, mən. Təəccübləndi. Dedi, özün yan almısan, özün də çıx (gülür).
- Boş gəmini idarə etmək çətindi, ya yüklü?
- Gəmi boş olsa da, dalğaya qarşı ballast qorumaq üçün su götürürsən. Təcrübəli kapitan üçün bunun elə də fərqi yoxdu. Kapitan dövlətin təyin olunmuş nümayəndəsidir. Həm gəmiyə, həm gəminin heyətinə, həm sərnişinlərə, eyni zamanda daşıdığı yükə cavabdehdir. Üstəlik, gəminin üstündə dövlətinin bayrağı dalğalanır. Kapitan elə bir adam olmalıdır ki, dövlətin nümayəndəsi olduğunu unutmasın. Baltik dənizində "Merkuri” gəmisinin kapitanı idim. 1992-ci ildən 97-yə qədər.
"Daşkənd” gəmisiylə ən uzaq səfərlərindən birinə çıxır.
- Portuqaliyanın Avera limanından çıxdım, getdim Bombeyə. Atlantik okeanı, Aralıq dənizi, Qırmızı dənizdən keçib çatdıq Dubaya. Dubayda yükü boşaltdım, kükürd doldurduq. Sonra İranın Bəndər Abbas şəhərindən kükürd yükləyib, getdik Bombeyə (indiki Mumbai). Orda təkrar yükü boşaldıb, gəldik Hindistanın Kandla şəhərinə. Kandlada küncüd tumu yükləyib qayıtdıq Türkiyənin Mersin şəhərinə.
- Təhlükəli yüklər var?
- Yüklərin daşınması haqda beynəlxalq konvensiya var. Bir neçə təhlükəli yüklər var, onlar da 9 qrupa bölünür. Bunda əlavə, hər gəmi də yük daşımasına görə sertifikatı olur ki, bu gəmi hansı yükü daşıya bilər. Tankerlər neft, benzin, xammal, mazut və. daşıyır. Pambıq təhlükəli yük sayılır. Pambıq küplərdə olur. Harasa sürtülə bilər, alışar. Sonra taxıl. Gəmi hərəkət edən zaman bərk dalğaya düşsə, yük gəminin tarazlığı poza bilər.
- Çətin yollar?
- Dardanel və Bosfor boğazını keçəndə adətən bələdçi götürməlisən. Amma biz bələdçisiz keçirdik. Ona görə də o vaxt biz Odessada imtahan vermişik. İndi qaydalar daha da yüngülləşib. Gəmilər sahildən idarə olunur. Məsələn, Süveyş kanalını keçənə qədər 3 dəfə bələdçi dəyişirsən. Bu kanalı sərbəst keçə bilməzsən. Çünki o kanal birtərəflidir. Bir karvan - 25 gəmi Port Səiddə lövbər salıb gözləyir. Hər gəmiyə də bir bələdçi verilir. Kanaldakı kanal işarələri fosforlu olur. Sənin gəminin burun hissəsinə projektor qaldırırlar ki, gecə keçəndə o işıq salır. Port Səiddən getdin, İsmailiyyəyə çatanda o biri karvan gəlib keçməlidir. 15-16 gəmi gözləyir, o karvan keçir, sonra sən keçirsən.
Kapitanın sözlərinə görə, dəniz sularında hansısa gəmiyə limana girməyə yol verməsən, onun da cəzası var: "Elə vaxt olub, kapitanın diplomlarını əlindən alıblar. Sürət həddi də var. Dar yerləri – Bosfor, Dardaneli keçəndə sürəti azaltmaq lazımdır. Açıq dənizdə 22-24 uzellə hərəkət edən gəmi, dar yerlərdən keçəndə sürəti 10-12 uzelə qədər endirməlidir. (Dəniz qaydasında 1 uzel 1852 metrə bərabərdir)”.
- Neçə dil bilirsiniz?
- Sözsüz, kapitan ingiliscə sərbəst danışmalıdır. Rus dilini də bilirəm. Bir də orta səviyyə polyakca. "Merkuri-2” gəmisində kapitan olan vaxt marşrut beləydi: Polşanın Qdınya limanı və İsveçin Karlskruna limanı. 12-dən çox səfər eləmişdik. Onda liman tərəfindən dedilər ki, kapitan, polyak dilində imtahan versəniz, limana sərbəst girə bilərsiniz. Balıqçı və köməkçi gəmilər var. Axı onlar ingiliscə bilmirlər? Onlarla yerli dildə danışmaq lazımdır. Onda Qdınya limanında polyak dilində imtahan verdim və limana sərbəst girib-çıxırdım.
"Hansı dənizçi ki, Xəzərdə işləməyib, o, kapitan ola bilməz”, - deyir.
- Xəzər dənizi ilin çox vaxtı fırtınalı olur. Dünya üzrə ən fırtınalı dəniz Oxot, Xəzər, bir də Biskay körfəzidir. Hollandiyaya gedəndə Biskayda 2-3 dəfə fırtınaya düşmüşəm.
20 ildən çoxdur kapitanlıq etmiş Muxtar Axundov indiyə qədər 200-dən çox səfər edib, 30-a yaxın ölkədə olub. "Tərəqqi” medalı alıb, prezident təqaüdçüsüdür. Çoxlu diplomlarla təltif olunub. Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin baş müşaviri işləyir.