“İşğaldan azad edilmiş ərazilərin indiyə qədər təxminən 3 milyon 600 min kvadrat metrdən çox ərazisi minalardan təmizlənib. Həmin ərazilərdə 2 mindən çox tank əleyhinə, 4 mindən çox piyada əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib”. 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

O bildirib ki, hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir.

M. Məmmədov həmçinin qeyd edib ki, aşkar edilən minalar əsasən Rusiya istehsalı olan minalardır: “Piyada və tank əleyhinə olan minalar çoxluq təşkil edir. Ərazilərdə ən çox erməni istehsalı olan minalara rast gəlirik”.

ANAMA rəsmisi mülki əhaliyə müraciət edib: “Bu ərazilərə mülki əhalinin girişi qadağandır. Ərazidə olanların bilmədiyi, hərəkət etdiyi marşrutların hamısında minalar ola bilər və hər hansı bir hadisə baş verə bilər. Artıq bütün ərazilər polis və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarət altındadır. Daha əvvəlki kimi mülki şəxslər bu ərazilərə gələ bilmir”.

M.Məmmədov erməni tərəfinin minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsinə də toxunub: “Qarşı tərəf minalanmış ərazilərin xəritəsini bizə vermədiyi üçün mina sahələrini aşkar etməkdə çətinlik çəkirik”. 

Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir 

“Bu, Şuşa yoludur. Füzuli rayonundan Şuşaya qədər çəkiləcək yoldur. Biz bu yolun 150 m enində, 34 km uzunluğunda minalardan təmizlənməsi barədə bizə göstəriş verilib. Bura ən çox minalanmış sahədir”.

Bunu  Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

O, hazırda yolun 17-ci km-də təmizləmə əməliyyatı aparıldığını deyib: “Hazırda yolun 17-ci km-liyində, Füzuli rayonun Alxanlı və Seyidəhmədli kəndləri arasında təmialəmə əməliyyatı aparırıq. İndiyədək burada 200 min kv.metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Təmizlənmə nəticəsində tank əleyhinə 207, piyada əleyhinə 168 mina və 5 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.

.