Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr Rusiyanın faktiki neft emalı güclərinin 30%-dən çoxunu, nominal güclərinin isə təxminən 45%-ni sıradan çıxarıb.
APA xəbər verir ki, bu barədə “Financial Times” peyk görüntüləri, istilik monitorinqi məlumatları və “Frontelligence Insight” analitik qrupunun qiymətləndirmələrinə əsaslanan araşdırmasında bildirib.
Nəşrin məlumatına görə, Ukrayna pilotsuz aparatları son vaxtlar əsasən yanacaq çənlərini deyil, neft emalı zavodlarının fəaliyyətini təmin edən və əvəzlənməsi çətin olan texnoloji qurğuları hədəfə alır. Bu avadanlıqların bərpası bir neçə ay çəkə bilər.
Araşdırmada bildirilir ki, ən çox zərər görən müəssisələrdən biri Tuapse neft emalı zavodudur. Bundan başqa, Omsk, Moskva və Tuapsedə yerləşən iri zavodlarda zərbələrin izləri aylar keçməsinə baxmayaraq hələ də qalır, bəzi obyektlərdə isə anbarlar, nasos stansiyaları və boru xətləri tam bərpa edilməyib.
Ekspertlərin qiymətləndirməsinə görə, istehsal prosesinin əsas texnoloji qurğularına endirilən zərbələr yanacaq anbarlarına hücumlardan daha uzunmüddətli təsir göstərir və müəssisələrin emal imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
“Financial Times” qeyd edib ki, Rusiya neft emalı zavodlarının hava hücumundan müdafiəsini gücləndirsə də, Ukraynanın kütləvi dalğavari pilotsuz aparat hücumları müdafiəni yarmağa və yeni zərbələr endirməyə imkan verir.
.
