Fransada ictimai səhiyyə orqanları rekord həddə çatan isti hava dalğası nəticəsində iyunun 24-dən bəri təxminən 1000 ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.
Reuters -in məlumata görə, bu göstərici əvvəlki dövrlərlə müqayisədə gözləniləndən artıq ölüm hallarını əks etdirir. Ölənlərin 85 faizi 65 yaşdan yuxarı şəxslər olub.
Ən ciddi vəziyyət yüksək temperaturla bağlı ən yüksək təhlükə səviyyəsinin elan olunduğu bölgələrdə qeydə alınıb. Xüsusilə Paris və ətrafını əhatə edən İl-de-Frans regionunda evdə baş verən ölüm hallarında kəskin artım müşahidə edilib.
Səhiyyə qurumu bildirib ki, bu vəziyyət tək yaşayan və sosial təcrid şəraitində yaşayan insanlara daha çox diqqət yetirilməsinin vacibliyini bir daha göstərir.
Rəsmilər qeyd ediblər ki, açıqlanan rəqəmlər hələ yekun deyil və qocalar evlərindən daxil olacaq məlumatlar nəzərə alındıqdan sonra ölüm sayının daha da artacağı istisna edilmir.
Bir neçə gün davam edən rekord istilərdən sonra bazar günü Fransanın əksər bölgələrində hava temperaturu nisbətən aşağı düşsə də, ölkənin şimal-şərq hissəsində isti hava ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, isti hava dalğasının sağlamlığa təsiri temperatur normallaşdıqdan sonra da 7-10 gün davam edə bilər.
Alimlər hesab edirlər ki, bu cür ekstremal isti hava dalğalarının tezliyi və intensivliyi iqlim dəyişikliyi səbəbindən artır. Son həftələrdə Avropanın bir çox ölkəsində temperatur rekordları yenilənib, nəqliyyat, enerji və səhiyyə sistemlərinin fəaliyyətində ciddi çətinliklər yaranıb.
.
