"Formula 1” tərəfindən tərtib edilən müqavilədə nəzərdə tutulub ki, 5 il biz bu yarışı keçirməliyik. Əgər hansısa bir ildən sonra bu yarışı keçirməkdən imtina etsək 100 milyon dollaradək cərimələnə bilərik”.
Gənclər və idman naziri Azad Rəhimovun ANS TV-nin "Hesabat” verilişində səsləndirdiyi bu fikirlər ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Əksər ictimai fikir adamları ölkənin hazırkı böhran dövründə 5 il ardıcıl olaraq bu yarışmaya pul xərclənməsini doğru hesab etmirlər.
Yarış hazırlıqlarına çəkilən xərclərə gəlincə, nazir bildirib ki, bu günə qədər asfalt örtüyünün dəyişilməsinə ölkəmiz 12 milyon manat sərf edib. "Formula 1” yarışmasının əməliyyat şirkətinin büdcəsinin isə 100 milyon manatı aşmayacaq. Uzunluğu 6 kilometr olan yolun yenilənməsinə 12 milyon manat sərf olunması, asfalt örtüyünün hər kilometrinin 2 milyon manata başa gəlməsi də mübahisə doğurub. Sosial mediada xərclərin həddindən artıq şişirdildiyi müzakirə olunub.
Məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban da asfalt örtüyünün həddindən artıq baha başa gəldiyini vurğulayıb: "Nazir tərəfindən konkret rəqəm açıqlandı ki, Formula-1 yolunun asfalt örtüyünün yenilənməsinə 12 milyon manat xərclənib. Daha sonra müxtəlif şərhlər oldu. Qeyd elədilər ki, bu, adi asfalt deyil, xüsusi betondan çəkilib. Digər tərəfdən hansısa yeni texnologiyalardan istifadə olunub. Bir də ki, bütün Xaqani küçəsində infrastruktur dəyişib. Nazirin özünün dediyinə görə, hökumət şərt qoyub ki, elə edin yaxın 5 ildə orada heç bir qazıntı işləri aparılmasın. Ona görə də, bütün kabelləri, bütün boruları dəyişiblər. Bu da xərclərin artmasına səbəb olub. Ancaq istənilən halda şəhəriçi infrastruktur üçün bahalı bir layihədir. Nazir onu da qeyd elədi ki, yolun xüsusi yerlərində, Prezident Aparatına qalxan hissəsində, Qoşa Qala qapısından düşən yerdə yol daş ilə örtüldüyü üçün, o daşların üzərindən elə bir texnologiya ilə yol salınıb ki, nə vaxt lazım bilinsə, o asfalt örtüyü asanlıqla çıxarıla bilər. Ona görə də, yol belə baha başa gəlib”.
Ekspertin fikrincə, istənilən halda bu, bahalı yoldur və aparılan işlərin miqyasına uyğun deyil: "Onu da qeyd etməliyik ki, bu yol Azərbaycanın 25 illik müstəqilliyi dövründə çəkilən bütün yollardan keyfiyyətinə görə fərqlənir. Yaxşı olar ki, 5 il müddətində o yola dəyilməsin, qazılmasın. Biz də müşahidə aparacağıq görək necə olur? Gecə ağlına bir fikir gələn səhər durub o yolu qazacaqsa, onda xərclənən bu pullar da itəcək”.
Yeni Müsavat
.
