
"Azərbaycanın bank sektorunda göstəricilər yaxşılaşıb, lakin pərakəndə kreditlərin sürətli artımı risk yaradır".
Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın bank sektorunun son illərdə müsbət inkişaf tendensiyası nümayiş etdirir. Hesabatda qeyd olunur ki, 2017-ci ildən bəri sektorun əsas göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Agentliyin qiymətləndirməsinə görə, bank sektorunda kreditlərin dollarlaşma səviyyəsi aşağı düşüb, eyni zamanda əvvəlki dövrlərdən qalan problemli aktivlər üzrə risklər də azalıb.
Bununla belə, “Fitch” xəbərdarlıq edir ki, 2021-ci ildən etibarən pərakəndə kreditləşmənin sürətlə genişlənməsi sektor üçün "qızışma riski" yarada bilər. Bu risklər əsasən istehlak kreditləri və ipoteka portfelinin sürətli artımı ilə əlaqələndirilir.
Hesabatda vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı bu risklərin qarşısını almaq məqsədilə aktiv və qabaqlayıcı makroprudensial tənzimləmə tədbirləri həyata keçirir.
.