Çoxları gənc aktrisa Cəmilə Tağızadəni ATV-də yayımlanan "Dəfnə yarpağı” serialından tanıyır. Amma bu Cəmilənin ilk rolu deyil. Bu seriala qədər o, "Odlar yurdu” adlı İran filmində, eyni zamanda, Azərbaycanda çəkilən "Səndən sonra”, "İkinci bahar”, "Göyçək Fatimə 1”, "Göyçək Fatimə 2”, "Taksi parkı” seriallarında rol alıb. Amma niyə məhz bu serialla məşhurlaşıb, səbəbini özü deyəcək.
Gənc aktrisanın Publika.az-a müsahibəsini təqdim edirik.
- Cəmilə, əvvəllər bir çox seriallara çəkilsən də, nədənsə, ATV-də yayımlanan "Dəfnə yarpağı” serialındakı Dəfnə obrazı ilə populyar oldun. Səncə, niyə?
- Yəqin ki, burada telekanalın reytinqi və serialın uğuru böyük rol oynadı.
- İlk dəfə aktrisa kimi hansı rejissor səni kəşf elədi?
- Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığım vaxt, qrup yoldaşım dedi ki, İran filmi üçün aktrisa axtarırlar, bəlkə kastinqlərdə sən də özünü sınayasan. Getdim və bəxtim gətirdi. "Ana yurdum” adlı həmin filmdə baş rola çəkildim. Azərbaycanlı qız obrazını canlandırdım. İranlı rejissorlar Qurbanəli Dayvər və Nadir Sayvərin bu filmindən sonra artıq seriallara dəvət almağa başladım.
- Səncə, aktrisanın vizual görünüşü çox önəmlidir?
- Əlbəttə bütün dünyada baş rola gözəl aktrisaları çəkirlər. Amma elə aktrisa var ki, heç zahirən gözəl də deyil, amma çox istedadlıdır. Mənim anlamımda istedad daha vacib şərtdir.
- Bəs sən, zahiri görünüşündə daha çox nəylə cəlbedicisən?
- Özümü dünya gözəli saymıram. Özümü tərifləmək yaxşı səslənmir, amma ətrafdakıların dediyinə görə, baxışlarım daha cəlbedicidir. Hündürboy da deyiləm, lakin bəstəboylu olsam da bədən ölçülərim deyilənə görə cəlbedicidir. Ümumiyyətlə, Azərbaycan qızları bəstəboy, ancaq yaraşıqlı olurlar.
- Baxışları cəlbedici olan Cəmilə bu gözlərlə çoxmu ürəkləri yandırıb-yaxıb?
- Təkliflər çox olub, lakin hamısını rədd edirəm.
- Niyə?
- Əyləncə xatirinə münasibət mənlik deyil. İstəyərdim gözəl ailəm olsun.
- Belə başa düşdüm ki, bu təkliflər evlilik yox, əyləncə xatirinə olunur?
- Bəli. Pullu kişilər mənə təklif edirlər ki, hansısa filmimə sponsorluq etsin. Belə sponsorların da niyyəti bəllidir. Gərək kiminsə sevgilisi olasan, mən bunu istəmirəm. Pul önəmli deyil, əsas olan gələcək həyat yoldaşımın ağlıdır. Demirəm e, ərə gedəcəyim oğlan Bred Pitt, ya Burak Özçivitə oxşasın, ay nə bilim boyu 185 sm olsun. Mənə model də eşq elan edib, aktyor da, müğənni də. Amma həyatımın kişisini hələ tapmamışam.
- Gənc aktrisasan, birdən rejissor sənə hansısa filmdə, ya serialda açıq-saçıq rol təklif elədi, razılaşarsan?
- Təklif olub, amma razılaşmamışam.
- Niyə?
- Çünki bilirəm ki, bu rol mənə başağrısı gətirəcək. Bütün nəsil töküləcək üstümə. Anam ümumiyyətlə, buna razılıq verməz. "Göyçək Fatimə” filmində oğlan yanağımdan öpmüşdü, qohum-əqrəba töküldü üstümə. Bir öpüşə görə, az qala məni öldürəcəkdilər. Anam deyir ayıbdır, dayın nə deyər, qohumların nə deyər?
- Bəs yaxşı qonorar versələr?
- Məsələ burasındadır ki, o qonorarı bizə verən də yoxdur. Amma xarici ölkədə olsa, açıq-saçıq səhnəyə çəkilərəm. Bilirəm ki, orada qohumlarım gəlib məni tapmayacaq.
- Ümumiyyətlə, kiminsə fikirləri ilə hesablaşırsan, yoxsa dinləyib, yenə öz dediyini edirsən?
- Anamın sözünü dinləyirəm. Həmişə də demişəm, anamın sayəsində bu yerə gəlib çatmışam. Anam həm də mənim sponsorumdur. Bütün geyimlərimi, hər bir xərcimi o çəkir.
- Belə başa düşdüm ki, ananız çox varlıdır?
- Yox, evdar qadındır. Amma anamın əlinə baxıram.
- Fərqli geyim stilin var…
- Hə, çoxları mən "retro qız” deyirlər. Mən keçmiş geyimləri müasirləşdirib geyinməyi sevirəm. Anamın, xalamın 30 il əvvəl alıb saxladığı parçalardan özümə müxtəlif libaslar tikdirirəm. Baxan elə bilir ki, görəsən, haradan almışam. 1950-60-cı illərin geyim dəbini özümə tətbiq etməyi xoşlayıram. Stilimin 21-ci əsrlə heç bir əlaqəsi yoxdur. Dost-tanışa da demişəm ki, kimin arxivində köhnə parçalar varsa, gətirib mənə versinlər.
- Mətbəxlə aran necədir?
- Vaxtım olmur, yalan nə deyim.
- Amma demə ki, bütün yeməkləri dadlı bişirirsən?
- Hamısını yox, amma plov qarasını gözəl hazırlayıram. Bu da ondan irəli gəlir ki, plov sevənəm.
- Formanı saxlamaq çətin deyil ki?
- Tez kökəlirəm və buna görə də yeməyimə fikir verirəm. Ət, yağlı yeməklərdən istifadə eləmirəm. Əti balıqla əvəzləmişəm. Daha çox meyvə və tərəvəz istifadə edirəm. Qara çaydan imtina eləmişəm. Yalnız ot çayları içirəm.
- Hobbin varmı?
- Köhnə və xarici ölkələrin pullarını toplayırdım. İndi daha marağım yoxdur.
- Bəs o pulları saxlayırsan?
- O qədər də çox deyil. Hamısı it-bata düşüb.
- Yeni mövsümdə hansı seriallarda səni görəcəyik?
- Xəzər televiziyasında "Cehizsiz gəlinlər”də baş rolda oynayıram. Anonsları gedir, yəqin görmüsünüz. Amma qabaqcadan danışsam, maraqsız olar.
Fotolar: