"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən bütün mənzillər partlayışın təsirindən tamamilə dağılıb".
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, partlayışın baş vermə səbəbləri ilə bağlı həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır.
Ə.Novruzov bildirib ki, həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı və liftlər tamamilə sıradan çıxıb. O vurğulayıb ki, eyni zamanda təxliyə yollarında və pilləkən qəfəslərində çatlar əmələ gəlib.
Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.
.