Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 25-dən 26-ı səhərədək respublika ərazisində arabir güclü külək əsəcəyi proqnozlaşdırılır ki, bununla əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqununun yaranma ehtimalı var.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir.
Əgər qar uçqunu başlayıbsa:
qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;
uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Uçqun sizi yaxalayıbsa:
nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;
axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);
qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.
soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
.