Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə bildirilib ki, havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır.
Qeyd olunub ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.
Dəm qazının iysiz olduğu və hiss edilmədiyi nəzərə alınaraq, mümkün fəsadların qarşısının alınması üçün FHN aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
• istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;
• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.
Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
.
