Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Penitensiar xidmətin əməkdaşı Hümbət Zülfüqarov şahid qismində ifadə verib.
Ona "Qoca" ləqəbli Etibar Məmmədovun həbsxanada mobil telefondan istifadə etməsi ilə bağlı suallar verilib.
Hakim qeyd edib ki, E.Məmmədov həbsxanada olduğu müddətdə üç ayrı nömrədən müxtəlif şəxslərlə mütəmadi olaraq danışıqlar aparıb. Onun telefonla ən çox danışdığı şəxs isə F.Laçın olub.
Məlum olub ki, "Qoca" saatlarla F.Laçınla danışıb və danışıqlar isə günün müxtəlif saatlarında baş verib. O, F.Laçınla isə əsasən gecə saatlarında danışıb.
Hakim deyib ki, E.Məmmədov bu danışıqlarında qaçış planını da hazırlayıb.
H.Zülfüqarov isə bundan xəbərsiz olduğunu vurğulayıb.
Hakim şahid xatırladıb ki, onun vəzifəsi bunu müəyyən etmək olub.
Daha sonra hakim F.Laçına sual verərək, gecə saatlarında "Qoca" ilə nə danışdığını soruşub.
F.Laçın E.Məmmədovun ona qəzəllər oxuduğunu deyib.
Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.
.
