Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək.

Bu barədə "Report"a açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini və nazirliyin İqtisadi Diplomatiya şöbəsinin rəhbəri Eyal Ravia-Sadok bildirib.

O, həmçinin ölkələrin iqtisadi tərəfdaşlığı gücləndirmək niyyətində olduqlarını, xüsusən də biznes nümayəndə heyətlərinin səfərinin təşkil edilməsinin planlaşdırıldığını vurğulayıb: "AZPROMO" ilə birlikdə bu il İsrailə biznes nümayəndə heyətinin səfərini təşkil etməyi və infrastruktur layihələrinə investisiya yatırılması imkanlarını yaratmağı planlaşdırırıq".

E.Ravia-Sadokun sözlərinə görə, İsrail artıq Azərbaycanın müxtəlif sahələrinə, o cümlədən su resurslarına, kibertəhlükəsizliyə və kənd təsərrüfatına investisiya yatırır: "Söhbət başlanğıcdan deyil, əməkdaşlığımızın davam etdirilməsindən və dərinləşdirilməsindən gedir. İsrail şirkətləri Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan müttəfiq kimi qəbul edirlər".

Bakıda keçirilmiş İsrail-Azərbaycan biznes forumundan bəhs edən E.Ravia-Sadok bir çox şirkətin burada ilk dəfə iştirak etdiyini vurğulayıb: "Nümayəndə heyətinin tərkibində gələn şirkətlərin əksəriyyəti Azərbaycan bazarında yenidir. Buna baxmayaraq, biz ən güclü, ən maraqlı, böyük beynəlxalq təcrübəyə malik, eləcə də Azərbaycanı imkanlar habı kimi görən İsrail şirkətlərini toplamağa müvəffəq olduq".

O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi son 4 ildə üç dəfə artıb: "Potensial tükənməyib. Bizim inkişaf etmək və ticarəti yeni səviyyələrə yüksəltmək imkanımız var".

Qeyd edək ki, hökumətlərarası komissiyanın IV iclası 2025-ci ilin noyabrında İsraildə keçirilib.

.