Beynəlxalq mediada "Expo-2025”in Azərbaycanda keçirilməsinin vacibliyi haqqında məqalələrin daha çox yayılması olduqca vacibdir”

Şakir Ağayev: "Expo-2025”in Azərbaycanda keçirilməsi tək imic məsələsi deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün olduqca vacibdir”

Ukraynanın nüfuzlu "Qolos” Media Qrupuna aid "Golos.ua” informasiya agentliyi və "Everyday.in.ua” xəbər portalı Bakının "Expo-2025”ə evsahibliyi üçün namizədliyindən yazıb. Yazılır ki, "Expo-2025”i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var.
Ukrayna KİV-ində Azərbaycanın dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınması barədə fikir irəli sürülüb.
Qeyd edək ki, İsrail mediasında da Azərbaycanın "Expo-2025”ə layiqli namizəd olması haqqında məqalə yer alıb. İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun "Azərbaycan və Expo-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə” sərlövhəli məqaləsi nüfuzlu "The Jerusalem Post” qəzetində dərc edilib.
Beynəlxalq mətbuatın Bakının "Expo-2025”ə layiqli namizəd olması haqqında məqalələr dərc etməsi Azərbaycanın imicinə müsbət təsir göstərir.
"Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər hansı beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük uğurdur. Bunun Azərbaycanın beynəlxalq aləmdə daha da möhkəmlənməsində və tanınmasında böyük rolu var: "Azərbaycanın bu sahədə güclü rəqibi var. "Expo-2025”ə namizədliyini irəli sürən şəhərlər arasında Bakının yer alması yalnız Azərbaycanın xeyrinə ola bilər. Bir azərbaycanlı olaraq istəyirik ki, "Expo-2025” Azərbaycanda keçirilsin. Hər bir şəxs bu sahədə nə lazım olursa, onu etməlidir ki, Azərbaycanın adı daha da zirvələrə ucalsın”.
Həmsöhbətimiz onu da bildirdi ki, "Expo-2025”in Azərbaycanda keçirilməsi tək imic məsələsi deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün olduqca vacibdir: "Beynəlxalq tədbir ölkə turizminin inkişafına səbəb ola bilər. Həmçinin, Azərbaycanın tanıdılmasında olduqca vacibdir”.
Ş.Ağayev hesab edir ki, beynəlxalq mediada "Expo-2025”in Azərbaycanda keçirilməsinin vacibliyi haqqında məqalələrin daha çox yayılması olduqca vacibdir. Təbliğatın xarici mediada aparılmasına daha çox ehtiyac var.
.