Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə prosesi davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində "Uroloji Mərkəz” klinikasının rəhbəri, professor Kamal Abdullayev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslər evinə basqın edən zaman onun və həyat yoldaşının əl-qolunu bağlayıb, onu döyüblər.

O, şikayətini geri götürməyəcəyini bildirib.

Proses aprelin 16-da davam etdiriləcək.

İttihama görə, F.Əliyev 2 ay müddətinə "Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşəcək, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər.

Bu görüşdə B.Hacızadə də iştirak edib.

A.Əmirov, N.Musayev və B.Hacızadə Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini bağlayaraq onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, mobil telefonlar, 20 min manatlıq "Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

.