Ev alqı-satqısında əsas problemlərdən biri təklif edilən mənzilin sahəsinin necə hesablanmasıdır. Bəziləri yalnız boş sahəni, bəziləri ümumi sahəyə divarların sahəsini əlavə edir. Elə ölkələr var ki, orda mənzilin sahəsinə, hətta mərtəbədəki ümumi istifadə üçün nəzərdə tutulan sahələri də salırlar. Eyni zamanda mənzil alarkən, onun hansı sinfə aid olduğunu da hər kəs müəyyənləşdirə bilmir. Yəni "Ekonomklass", "Komfortklass", "Biznesklass", yoxsa başqa sinif? Komfortklass mənzilləri sizə Premium kimi təklif edə bilərlər. Təəssüf ki, vətəndaşlar əmlak seçimində bu kimi vacib məlumatları ayırd etməkdə çətinlik çəkir və hər an aldanır.


"Value and Sources Konsaltinq" şirkətinin baş direktoru Rəşad Əliyevin fikrincə, hər bir mənzil almaq istəyən vətəndaş bu kimi xoşagəlməz hallarla rastlaşır: "Yeni tikilən binada mənzil alarkən də, bu binadakı mənziliniz necə olacaq, hansı şəraitdə və keyfiyyətdə təhvil alacaqlar, vətəndaşlar bundan məlumatsız olurlar. Həmişə olduğu kimi, MTK-nın qoyduğu qapı-pəncərəni yenisi ilə əvəz etməyə çalışacaqlar.
Məsələn, tikinti şirkətləri bina inşa olunarkən söz verirlər ki, uşaq meydançası olacaq. Ancaq bina tikiləndən sonra nəsə meydança gözə dəymir. Bu hallar nə üçün baş verir və bunu aradan necə qaldırmaq olar?".

R.Əliyevin sözlərinə görə, sözügedən problemlərin həlli üçün dövlət tərəfindən standartlar müəyyənləşməlidir: "Beynəlxalq təcrübələrdən sözügedən problemin həllinin çox sadə üsulu var. Yeni tikililərdə mənzil satışının standartları müəyyən edilməlidir. Bu standartlar dövlət tərəfindən müəyyənləşdirilib təsdiq edilməli və bütün tikinti şirkətləri mənzillərin satışını həmin standartlara uyğun həyata keçirməlidirlər.

Məsələn, sahə necə göstərilməli, binaların sinfi necə müəyyənləşdirilməlidir, hansı kommunikasiyalar mövcud olmalıdır. Çox gülməli haldır ki, bizim ölkədə daşınmaz əmlakların sinfini müəyyən edən heç bir metodologiya və ya standart yoxdur. Məsələn, Komfortklass bina nədir? Necə olmalıdır? Eləcə də digər sinfə daxil olan binalar barədə təsəvvür yoxdur".
.