"Teleqüllə” sürüşmə sahəsində aktivlik müşahidə edilməyib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib. O bildirib ki, Zığ sürüşmə sahəsi, Masazır qəsəbəsi - "Zəli gölü” adlanan ərazi və Nübar qəsəbəsi sürüşmə sahəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən aktivlik qeydə alınıb.

Astarada Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik baş verib. Lənkəran – Lerik yolunun 17-19 və 27-29-cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsi də atmosfer yağıntılarının təsirindən aktivləşib. Lerik-Qosmalyon-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Lənkəranda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə və uçqun sahələri yaranıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrliyi sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunmaqdadır. Masallıda Güllütəpə və Zuvand sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivləşmə qeydə alınıb. Masallı- Yardımlı yolunun 13-15, 7-16, 24-26 kilometrliklərində müşahidələr zamanı sürüşmə sahəsinin dinamikasında aktivlik baş verib. Cəlilabadda Sadatlı sürüşmə sahəsi aktivləşib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrləri atmosfer yağıntılarının təsirindən artıb”, - deyə ekspedisiya rəisi vurğulayıb.

.