Azərbaycan Respublikası Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti davam etməkdədir:

“Xəzər dənizinin ekoloji problemlərinin həlli regional əhəmiyyət kəsb etdiyinə görə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində sazişlər imzalanıb və qüvvəyə minib”.

Nazir müavini deyib ki, bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının, eləcə də oktyabr ayında Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin növbəti - 6-cı sessiyasının keçirilməsi nəzərdə tutulub.

.