Elm və Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur.
"Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər", - qeyd olunub.
BŞTİ: Yeni məktəbli formalarını BTE-dən almaq mütləq deyil
"2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər".
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
Bildirilib ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir.
“Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər. Məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir.
Onu da qeyd edək ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını "Bakı Tikiş Evi"ndən alması da mütləq deyil. Məktəb rəhbərləri tərəfindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd olunub.
.