Yenizaman.az Teleqraf.com-a istinadən tanınmış tənqidçi Əsəd Cahangirlə müsahibəni təqdim edir:
- Əsəd bəy, bu günlərdə xalq yazıçısı Elçinə həsr olunan "On üçüncü gecə" adlı kitabınız işıq üzü görüb. Təbrik edirik. Kitabın adından başlayaq - gecə azmış kimi, üstəlik də on üçüncü...
- İşıq qaranlıqdan, gündüz gecədən doğur. Bilirsiniz ki, qədim türklərdə Tanrının adı Qaraxan idi. Nizami "Yeddi gözəl"də dünyanın təsvirinə qara rəngdən başlayır. Yəni qara, yaxud gecə birmənalı neqativ deyil. Ümumən təbiətdə xeyir və şər yoxdur.
On üç rəqəminin guya nəhs olması da xurafatdır. İsa ilə on iki həvari, Məhəmmədlə on iki imam, Ələsgərlə on iki şəyirdi on üç edir. Salvador Dalinin 1943-cü ildə çəkdiyi "Geopolitik körpə" rəsmində 13 rəqəmi planeti və insanı himayə edən ilahi rəhmətin rəmzidir. Rəsmdə postinsanın doğulması ideyası var. Maraqlıdır ki, Dali postinsanın məhz Azərbaycanda doğulacağına işarə edir. Bu, Azərbaycanın insanlıq qarşısındakı missiyasıdır.
- Azərbaycan insanı hələ də Novruzəli kimi poçtinsan problemi yaşadığı halda sizin postinsandan danışmağınız sadəcə olaraq, zamanı qabaqlamaq cəhdi deyilmi?
- Zamanı qabaqlamaqda pis nə var ki? "Avesta"da deyilir ki, əvvəlcə fikirdir, sonra söz, sonra əməl. Əvvəlcə gediləcək yol müəyyənləşir, sonra səfər başlayır. Əvvəlcə layihə çəkilir, sonra inşaat başlayır. Ədəbiyyatda da belədir. Əvvəlcə nəzəri konsepsiya formalaşır, sonra konkret bədii məhsullar meydana çıxır.
- Amma iki min beş yüz illik dünya ədəbiyyatı tarixində tərsinə olub - nəzəriyyələr bədii təcrübənin ümumiləşdirilməsi kimi meydana çıxıb. Məsələn, Aristotelin nəzəri ümumiləşdirmələri bir neçə əsrlik yunan ədəbiyyatının sonucunda meydana çıxmamışdımı?
- Aristotelllə bağlı səninlə razıyam. Amma bu, bədii fikrin inkişafının başlanğıc mərhələsində olmuşdu. Modernizmdən etibarən ədəbi nəzəriyyə bədii praktikanı qabaqlamağa başladı. Bilirsiniz ki, hər hansı modernist sənət axınının öncə manifesti yaranır, sonra bu əsasda bədii faktlar üzə çıxırdı. Ümumən götürəndə isə ədəbi nəzəriyyə və bədii praktikanın bir-birinə təsiri qarşılıqlıdır, yəni praktikadan nəzəriyyə, nəzəriyyədən praktika doğa bilər.
- Postinsan məsələsinin Elçinin yaradıcılığı ilə əlaqəsi varmı?
- "Baş" romanı göstərir ki, Elçin yeni insan tipinə keçidin zəruriliyini dərindən dərk edir. O, bu romanda homo sapiensin - klassik insan tipinin, yəni novruzəlinin iflası, yeni insana keçidin zərurətindən danışır. Bu əsərin timsalında Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə roman qəhrəmanı metafizik varlıq, transsendent mən, metainsandır. Amma "Baş"dakı postinsan hələ özünün ruh mərhələsindədir. O hələ dünyaya gəlməli, insan cildinə girməli, yəni təbiət mərhələsinə daxil olmalıdır. Yəqin ki, bu tipli qəhrəmanlarla gələcək nəsr əsərlərimizdə rastlaşacağıq. Amma bu müəyyən bir meylin başlanğıcını qoyan əsər kimi "Baş"ın önəmini inkar etmir. O, özünüdərkə həsr olunub və bədii nəsrimiz tarixində ilk roman-mərifətnamədir.
- İsa Muğannanın "İdeal", Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi", Anarın "Macal", Sabir Azərinin "Dalanda" əsərləri də özünüdərkə həsr olunub. Niyə çoxlu sayda eyni xarakterli faktlar arasından məhz "Baş"ı başa çıxarırsınız?
- Maqsud İbrahimbəyovun, Anarın, Sabir Azərinin əsərlərində özünüdərk fərdi xarakterlidir. İsa Muğannada o, milli, ümumbəşəri və kosmik xarakter alsa da, metafizik, transsendent hüdudları aşmır. Metafizik dərinlik kəsb etməyən özünüdərk isə prosesin axıracan getmədiyini göstərir. Çünki insanın özünüdərkinin mahiyyətində onun özünü bir ruh kimi dərk etməsi durur. Ruh isə metafizik varlıqdır. Elçinin romanında proses metafizik hüdudlara qədər gedib çıxır. "Baş"ın başlıca mövqeyi də məhz bununla bağlıdır. Yəni adını çəkdiyimiz müəlliflərin hamısı insanı oyanışa dəvət edir, Nəsiminin diliylə desək, "ey özündən bixəbər qafil, oyan!" deyir, sadəcə olaraq, oyanışın dərəcələri fərqlidir.
- Klassik sufi-hürufi metodunun bir ədəbiyyat tənqidçisi üçün önəmi bu qədər böyükdürmü ki, bütün ədəbiyyata bu rakursdan baxırsınız?
- Sufi özünüdərk metodunun, sadəcə, ədəbiyyat tənqidçisi yox, bir insan kimi də mənim üçün önəmi böyükdür. Ədəbiyyatın başlıca məqsədi insanı özünə tanıtmaqdır. Klassik sufilər bu işdə ideal nəticələrə nail olublar. Məncə, postinsan da mahiyyətcə yeni bir şey olmayıb, onların dar çevrə üçün nəzərdə tutduğu praktikanın kütləviləşməsi, necə deyərlər, faş olmasıdır. Nəticədə, onlar tək klassik yox, həm də çox müasirdirlər.
- Elçinin 60 illik yubileyi münasibətilə yazdığınız yazını "Əbədi düşüncələr" adlandırırsınız. Bu, "Ədəbi düşüncələr" müəllifi olan Elçinlə polemikadırmı?
- Ədəbiyyat insanşünaslıqdır. İnsanın isə son ünvanı əbədiyyətdir. Din, elm və ədəbiyyatın məqsədi ölməz olduğunu insana başa salmaqdır. Əgər hansısa ədəbiyyat faktı bu həqiqətə çatmırsa, sadəcə, sözlərlə oynayır. Bunu Nizami, Nəsimi, Füzuli, Xətai aydın dərk edirdi. Orta çağda insanın əbədiyyəti ideyasının ən fundamental ifadəsi Nəiminin "Cavidannamə"si idi. Bilirsiniz ki, hürufiliyin bu konstitusiyası "Əbədiyyət kitabı" anlamı verir. "Cavidannamə" təkcə Azərbaycan və Şərq yox, bütün dünyada insan haqqında yazılan ən möhtəşəm əsərdir. Nəimidən öncə və sonra dünyanın heç bir yazarı özünün heç bir əsərində insana bu qədər ali dəyər verməyib. Bir qədər romantik haləyə bürünmüş şəkildə bu düşüncə Caviddə də hələ qalırdı. Sovet rejimi əbədiyyətin qapısını ədəbiyyatın üzünə bərk-bərk bağladı. Poeziyada oyanış Ramiz Rövşən və Vaqif Bayatlının Füzuliyə, nəsrdə oyanış isə İsa Muğannanın "Məhşər" romanında Nəsimi və Nəimiyə qayıdışında tapdı. "İdeal", "Əbədiyyət" romanlarında Muğanna artıq kimsə başqası yox, özünə qayıtdı. Elçinin "Baş" romanındakı Allaha qayıdışla bu qayıdışlar silsiləsi tamamlanır. Çünki özünə qayıdan Allaha qayıdır və bundan ötə qayıdılası ünvan yoxdur. Mən "Əbədi düşüncələr"də qələm sahiblərimizi bu qayıdışa çağırmışam. Amma bunun polemika olduğunu deyə bilmərəm. Çünki özünə qayıtmaq hər şeyin bir şey olduğunu dərk etmək deməkdir. Polemika olan yerdə isə ən azı iki tərəf olmalıdır.
- Azərbaycan ədəbiyyatına postmodernizm anlayışını gətirən siz olmusunuz. Kitabda elə bil ki, bu ideyadan bir az geri çəkilmiş, tradisonalist mövqeyə keçmisiniz.
- Kitabdakı məqalələr toplam 15 il ərzində yazılıb. Burda elə məqalələr var ki, postmodernist düşüncəni ifadə edir. Tutaq ki, Elçinin postmodernist üslubda yazılmış "Şekspir" tragikomediyası və bu əsər əsasında hazırlanmış tamaşaya həsr olunan "Şekspirin adı" məqaləsi. Elə məqalələr də var ki, postmodernizmin tənqidi dərkinə həsr olunub. Məsələn, "Baş" romanına həsr olunan "Baş"lanğıc" məqaləsi. Amma bu, mənim yox, postmodernizmin özünün geri çəkilməsinin göstəricisidir. Mən, Stendalın diliylə desək, güzgü olmağa çalışmışam. Ömrümün sonuna qədər postmodernist olacağıma dair sədaqət and içməmişəm. Tənqidçi prosesin obyektiv şərhçisidir.
- Hər halda, kitaba daxil olan sonuncu məqalənizdə - "Baş"lanğıc"da tradisionalist mövqeyə qayıtmısınız.
- Elçin "Baş" romanında öncəki əsərlərindəki – tutaq ki "Şekspir" və "Teleskop"dakı postmodernizmdən tradisional düşüncəyə qayıdıb. Mən bu məqalədə hər şeydən öncə yazıçının dünyagörüşündə baş verən dəyişmədən danışmışam.
- Amma siz bu dönüşü alqışlamaqla, yazıçı ilə həmrəylik nümayiş etdirmisiniz.
- Metafizikaya dönüş bütün dünya insanının düşüncəsində gedən qlobal prosesdir. Odur ki, bu proseslə hesdablaşmaq, onu dərk etməyə çalışmaq lazımdır. Mən də öz yazımda on doqquzuncu əsrə məxsus darvinizmdən, Kont və Spenserin ifrat materializmlə səciyyələnən pozitivist fəlsəfəsindən sonra yenidən tradisional metafizikaya qayıdış prosesini dərk etməyə çalışıram. Mən, əlbəttə ki, olayların bitərəf müşahidəçisi deyiləm. Amma mənim fərdi mövqeyim tarixi prosesin obyektiv gedişi üst-üstə düşür və onun tərkib hissəsidir. Yəni alqışlasam da, alqışlamasam da belədir.
- "On üçüncü gecə"ni oxucular necə qarşıladı?
- Kitabın təqdimatı hələ sabah Milli Kitabxanadadır. Geniş rəyləri yəqin ki, təqdimatdan sonra biləcəm. Hələlik ən yaxın çevrədə olanların müsbət rəylərini eşidirəm.
- Bu Sizin dördüncü kitabınızdır. Amma yəqin sonuncu deyil. Nə kimi yeni planlarınız var?
- Çoxdandır "Yeni əsrin ibtidası" adlı bir kitab dərc etdirmək fikrim var. Bir növ Andrey Belıyın "Naçalo novoqo veka" kitabının anoloqu olmalıdır. Bir də sırf tənqidi yazılardan ibarət "Dəmirbaşlar" kitabı haqda düşünürəm. Nəhayət, poemalarımdan ibarət kitab dərc etdirmək planım var.
.