Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası təsdiqlənib.

 Nazirlər Kabineti bununla bağlı qərar verib.

Müəyyən edilib ki, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməlidir.

Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.

Nazirlər Kabinetindən APA-ya verilən şərhdə bildirilib ki, qərarın qəbulu ilə sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi təmin ediləcək.

 

Qayda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının (bankların, xarici bankların yerli filialları və ya bank olmayan kredit təşkilatlarının) öz vəsaitləri hesabına verilən kreditlər üzrə dövlət zəmanətinin verilməsinə dair müraciət qaydasını, ödəniş şərtlərini və digər məsələləri müəyyən edir. Bu Qayda zəmanətin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə kredit təşkilatının qarşılıqlı münasibətlərini tənzimləyən müqavilə (bundan sonra - əməkdaşlıq müqaviləsi) bağlamış kredit təşkilatlarının öz vəsaitləri hesablarına verdiyi kreditlərə şamil edilir.

Dövlət zəmanəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın tələblərinə uyğun olaraq verilir.

Dövlət zəmanəti aşağıdakı hallarda verilmir:

- kredit hesabatına əsasən sahibkarlıq subyektinin kredit almaq üçün müraciət etdiyi tarixə 60 (altmış) gündən artıq davam edən aktiv gecikməsi olduqda (habelə sahibkarlıq subyektinin AKİA qarşısında gecikdirilmiş aktiv öhdəlikləri olduqda);

- sahibkarlıq subyekti “Banklar haqqında” qanuna və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən zəmanət üçün müraciət etdiyi kredit təşkilatına aidiyyəti şəxs olduqda;

- sahibkarlıq subyekti Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyicisi olduqda;

- sahibkarlıq subyekti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamadıqda və ya bağlanılmış müqavilə üzrə öhdəliklərini pozduqda;

- sahibkarlıq subyektinin ərzaqlıq buğda əkinini həyata keçirdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarını təsdiq edən sənəd olmadıqda;

- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

Dövlət zəmanəti bu Qaydanın tələbinə cavab verən kreditlərə Maliyyə Nazirliyi tərəfindən bu Qaydaya əlavə - “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir. AKİA dövlət zəmanətindən istifadə edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rübdə 1 (bir) dəfə hesabat verir. Hesabatın forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Hər bir kredit təşkilatı üçün onun müraciəti əsasında AKİA limit müəyyən edir. Kredit təşkilatının müraciəti əsasında 30 (otuz) təqvim günü müddətində AKİA-nın qərarı ilə ona əlavə limit müəyyən edilə bilər. Kredit təşkilatı tərəfindən istifadə edilməmiş limit AKİA-nın qərarı ilə azaldıla və ya ləğv edilə bilər. Dövlət zəmanəti verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməlidirlər. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası müvafiq olaraq bu Qaydaya uyğun həyata keçirilir.

.