«Azərsun Holdinq» xaricdən gətirilən xammalın yeni məzənnə ilə alındığını əsas gətirir
Ekspert Natiq Cəfərli: «Büdcəyə yenidən baxılmasa, maaş və pensiyalar artırılmayacaq»

Azərbaycanda ərzaq məhsulları yenidən bahalaşıb. Marketlərdə gündəlik tələbat məhsullarının qiymətində ciddi dəyişikliklər müşahidə olunur. Ölkənin ən böyük istehsalçısı olan "Azərsun” Holdinq çay, süd, yağ, şəkər tozu, qənd kimi məhsulların topdansatış qiymətini artırıb. 

Şirkət bahalaşma ilə bağlı verdiyi açıqlamada bunun kütləvi xarakter daşımadığını bildirib. "Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a deyib ki, indiyə qədər satdıqları anbarlardakı ehtiyat məhsulları olub: "Onlar bitdiyi üçün xaricdən xammal almalı olduq. Bu xammal isə dolların yeni məzənnəsi ilə alınıb. Ona görə də bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə edilə bilər. Amma bu, bəzi qara piar kampaniyalarında yazıldığı kimi kütləvi bahalaşma deyil”.

Şirkət rəsmisinin sözlərinə görə, istehlakçılar bundan sonra məhsulları daha stabil qiymətlərlə alacaqlar. O qeyd edib ki, ölkə prezidentinin verdiyi son göstərişlər, Neft Fondundan Mərkəzi Banka transfertlərin reallaşması qısa müddətdə iqtisadiyyatda öz effektini verəcək: "Bu addımlar sabit, stabil mühitə zəmin yaradır. Hazırda iqtisadiyyatda yaranan stabillik qiymətlərə də təsir göstərəcək”.
Bəs bahalaşmanın əsas səbəbləri nələrdir? Baş verən qiymət artımı fonunda əahlinin gəlirlərində real artım nə qədər olmalıdır? 

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bahalaşmanın bir neçə səbəbi var. Bunlardan biri məzənnə ilə bağlıdır: "Dolların bahalşması fonunda həm idxal məhsullarının qiyməti sürətlə qalxır, həm də adı yerli istehsal olsa da "Azərsun”un istehsal etdiyi məhsulların böyük hissəsinin xammalı xaricdən gəldiyinə görə bahalaşır. Bazara çıxardıqları məhsullara baxanda görürük ki, Azərbaycanın o qədər istehsal etmə tutumu yoxdur. Ən çox satdıqları məhsulalrdan biri çaydır. Müxtəlif markalar altında çaylar satışa çıxarılır. Ancaq Azərbaycanda o qədər çay kolu və çay istehsalı yoxdur. Xaricdən aldıqları çayı qablaşdıraraq bazara çıxarmaqla məşğul idilər. Bir çox yerli şirkətlər "yerli şirkət” olsa da məhz bazara bu cür yerli məhsul çıxarırlar və xammalı da xaricdən gətirirlər. Xaricdən gətirilən xammalın manat ekvivavalentində dolların bahalaşmasına görə, qiymətinin artması ölkədə  bütün məhsulların bahalaşmasına səbəb olur. Məhsulların qiymətinin bahalaşmasına səbəb olur. Əsas səbəblərdən biri budur”.

Ekspert bildirdi ki, ikinci əsas səbəb mövsümlə bağlıdır. Onun sözlərinə görə qış aylarında Azərbaycanda əsasən kənd təsərrüfatı mallarının qiymətində artım olur: "Çünki yerli istehsal qış aylarında bitir və xaricdən daha çox məhsullar gətirilməsinə başlanılır. Yəni, bu obyektiv səbəblərdir. Ancaq subyektiv səbəblər də həmişə olub. Bu təbii ki, inhisarçılıqla və onun tam aradan qaldırılmaması, bazarada böyük oyunçuların az oması və rəqabətli mühitin olmaması ilə bağlıdır. Bunlar uzun illərdir ki, Azərbaycanın xroniki xəstəliyinə çevrilib. Bu da qiymətlərin artmasında mühim rol oynayan amillərdən biridir”.

Əhalinin gəlirlərinə və buna adekvat olmayan qiymət artımına gəldikdə isə N.Cəfərli dedi ki, rəsmi inflyasiyanın səviyyəsi qədər bu il maaş və təqaüdlərlə müəyyən indeksləşmələr aparılıb. Onun sözlərinə görə, rəsmi infilyasiya səviyyəsi ilə real qiymət artımı arasında ciddi fərq olub: "Bu isə Azərbaycanda statistikanın siyasiləşməsindən irəli gəlir. Statistik göstəricilər çox zaman doğru-dürüst hesablamalara əsaslanmır. Hətta biz rəsmi rəqəmləri də götürsək, Azərbaycanda ərzaq inflyasiyası 15 faiz göstərilib. Amma söhbət ondan gedir ki, Azərbaycanda hökümət bir şeyi nəzərə almır. Rəsmi rəqəmlərə baxsaq belə, əhali gəlirlərinin 70 faizə yaxınını ərzaq məhsulları təşkil edir. Bu isə onu deməyə imkan verir ki, Azərbaycanda ərzaq inflyasiyayasına daha həssas yanaşılmalıdır. İndeksləşmələr aparılarkən bu amil xüsusi ilə nəzərə alınmalıdır. Açığı, Azərbaycandakı indiki iqtisadi vəziyyətə, büdcənin parametrlərinə baxdıqda təəssüflər olsun ki, bu il ərzində nə maaşların, nə müavinətlərin ciddi artımının olacağını söyləmək mümkün deyil. Hələlik qəbul olunmuş büdcədə bu yoxdur. Əgər hər hansı bir fors-major situasiyası yaranmasa, yəni Milli Məclis parlamentdə yenidən  büdcəyə baxmasa hər hansı artımın olması ehtimalı çox aşağıdır. 2017-ci ildə qiymətlərin artımı insanların gəlirlərinin artımına görə adekvat olmayacaq və insanların sosial vəziyyətinin daha da pisləşməsinin şahidi olacağıq”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə Musavat.com-a verdiyi açıqlamada bank və vergi sistemi ilə bağlı qanunvericilikdə edilən bir çox dəyişikliklərin qiymətlərin artmasına zəmin yaradacağını deyib: "Əgər diqqət yetirsəniz görərsiniz ki, ötən il daha çox qeyri-ərzaq məhsulları bahalaşmışdı. Bu il ərzaq məhsullarındakı bahalaşma digər mal və xidmətləri üstələyəcək. Artıq bankların marjası götürüldü. Bu da banklarda manatın satışının müxtəlif məzənnələrini müəyyənləşdirdi. İndi elə bank var ki, onlarda dolların alış kursu ilə satış kursu arasındakı fərq 10 qəpiyə qədərdir. Bu da satış kursunun daha baha olmasına gətirib çıxarır. Dolların alış kursu aşağı olanda insanlar dolları banklara satmaqdan imtina edir və yenidən qara bazara üz tuturlar. Yəqin ki, getdikcə dolların alış və satış kursu arasındakı fərq azalacaq. Çünki bu bazarın ilkin reaksiyasıdır, sonrakı mərhələdə aralarındakı rəqabət kursun yaxınlaşmasına gətirib çıxara bilər”. 

Bizimyol.info-nun "Facebook” səhifəsində apardığımız sorğu ilə  izləyicilərimizin bahalşamaya münasibətini öyrəndik. Vətəndaşlar əsasən hansı məhsulların bahalaşmasından şikayət edir?
Şəms Rzazadə adlı izləyicimiz deyir ki, "Hansında bahalaşma hiss etməmisiniz?" deyə soruşsaydız, bəlkə birini tapardıq...».

Roma Ağayev yazır ki, hər gün marketə girdikdə başqa-başqa ölkələrdə olduğunu zənn edir: "Bu gün aldığın məhsulun qiyməti sabah artır. Mağazada jurnalist axtarıram ki, biri çıxıb desin zarafat edirik”.
Başqa bir izləyicimiz isə deyir ki, qarğıdalı yağı əvvəl 2.30 idi, indi isə 4.60 olub: "Şampun əvvəl 1.90 idi, indi 3.50, sabun 70 qəpik idi, indi 1.50, çay əvvəl 80  qəpik idi, indi 1.70, tomat əvvəl 1.70 idi indi isə 2.60-dır”.

Aynurə Mədətova adlı izləyicimiz də qiyməti qalxmayan məhsulun olmadığını deyir: "Bütün hər şeyin qiyməti qalxıb. Millət yalandan gün keçirir. Necə olacağıq vallah onu da bilmirəm. Allah bizim kimi kasıblara kömək olsun. Bir sözlə yaşamırıq, sadəcə nəfəs alırıq”.

Digər rəy yazan izləyicilərimiz də daha çox yağın, şəkər tozunun, çayın qiymətinin bahalaşdığını bildiriblər. 

.