Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Ermənistan XİN məlumat yayıb.

Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.

XİN-in məlumatına görə, dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərini kobud şəkildə pozduğu səfirin diqqətinə çatdırılıb.

Erməni vitse-spiker Solovyovu “it” adlandırıb

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyovun açıqlamalarına sərt reaksiya verərək onu “it” adlandırıb.

Rubinyan bu barədə “Facebook”da bildirib.

Erməni vitse-spiker qeyd edib ki, “it hürür, karvan gedir”.

O vurğulayıb ki, burada “it” deyərkən Solovyovu nəzərdə tutur və onu “rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni” kimi xarakterizə edib.

Rubinyanın sözlərinə görə, “karvan” isə “sülh və inkişaf yolunda əmin addımlarla irəliləyən Ermənistan”dır.
Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib.

.