Ermənistan Hindistandan əlavə həcmdə 155 mm-lik “ATAGS” artilleriya qurğuları almaqda maraqlıdır.

Bu barədə “Sputnik Armeniya”ya açıqlamasında Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sucan Çinoy bildirib.

Onun sözlərinə görə, Dehli artıq İrəvana “Swathi” radiolokasiya sistemlərini idxal edib, müqavilənin dəyəri 40 milyon dollar təşkil edib. Baş direktor əlavə edib ki, Hindistanın Reaktiv Yaylım Atəş Sistemi dünyada ən yaxşı sistemlərdən biridir və onlara böyük tələbat var.

S.Çinoy qeyd edib ki, Ermənistan dəyəri təxminən 250 milyon dollar olan “Pinaka” çoxlüləli raket qurğularına da maraq göstərib.

Bundan əvvəl KİV-də İrəvanın hələ 2022-ci ildə Dehlidən 155 milyon dollar dəyərində yedəkli artilleriya sistemləri sifariş etməsi ilə bağlı məlumat yayılmışdı. 6 ədəd 155 mm-lik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqust ayında çatdırılıb.

Xatırladaq ki, 2024-cü ildə Ermənistan və Hindistan müdafiə nazirlikləri arasında aparılan danışıqlardan sonra 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı imzalanıb. Bu görüş iki ölkənin müdafiə nazirlikləri arasında ilk rəsmi məsləhətləşmə görüşü olub.

Görüş zamanı Ermənistan və Hindistan arasında hərbi texnologiyalar və kadr hazırlığı sahəsində mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə olunub, eləcə də birgə işçi qrupunun yaradılmasına dair qərar qəbul edilib.

.