"Erməni təhsil aldığım Polis Akademiyasının qarşısında adamları döyürdü. Dedim ki, "banditlik” edirsən, həddini aşırsan, niyə insanları vurursan? Bildirdi ki, "sən azərbaycanlısan?”. Mən də soruşdum ki, onun məsələyə nə dəxli var? Sonra qəfildən məni vurdu. Başımdan travma aldım, sifətim pis günə düşdü, göyərib, sol tərəfim keyiyib”.
Bu fikirləri Azadinform-a açıqlamasında Ukraynada təhsil aldığı Polis Akademiyasının qarşısında erməni tərəfindən döyülən azərbaycanlı tələbə Fərhad Vəliyev deyib.
Tələbə bildirib ki, erməni tələbələrdən pul alır, onlara "qulaqburması” edir: "Orada iş düzüb-qoşur, adamları incidir”.
F.Vəliyev deyib ki, məsələ ilə bağlı artıq polisə müraciət edib: "Məni döyən şəxs yaxın zamanlarda polis bölməsinə aparılacaq, onunla məhkəmədə görüşəcəyik”.
Zərərçəkmiş əlavə edib ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbərliyi ona dəstək olub: "Mən xəstəxanadan çıxmağa ehtiyat edirdim, narahat idim ki, ermənilər mənə təzyiq göstərəcək. Lakin diaspor sədri Hikmət Cavadov şəxsən xəstəxanada məni qarşıladı, ofisə gətirdi. Sağ olsunlar, indi də hüquqi yardımda kömək edirlər”.
Tələbə əlavə edib ki, ermənilər məlumat yaymaq istəyib ki, guya F.Vəliyev onlarla işbirliyi etmək istəyib. Zərərçəkən tələbə hər şeyin hüquq çərçivəsində həll ediləcəyini bildirib.
Qeyd edək ki, F.Vəliyev Ukraynada Polis Akademiyasının Hüquq fakültəsində ikinci təhsil alır, 1-ci kusr tələbəsidir: "İlk təhsilimi Litvada almışam. Dünya Azərbaycanlı Gənclər Birliyinin Litva üzrə moderatoru işləmişəm. Prezidentin 2007-2015-ci il xaricdə təhsil üzrə Dövlət Proqramına əsasən Litvada - Kaunas şəhərində təhsil almışam, 6 dil bilirəm”.
.
