İyun ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3883 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.
Ötən ay Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədib, Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Erməni silahlı bölmələrinin növbəti təxribatının qarşısını almaq üçün görülən cavab tədbirləri nəticəsində işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib. Düşmən tərəfin xeyli sayda hərbçisi yaralanıb. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun bir üzvü - 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuş Zaver Hovanis Karapetyan ələ keçirilib.
Düşmən təxribatının qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.
Eyni zamanda, Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu Azərbaycan Ordusu tərəfindən atəşlə dağıdılıb.
Bundan başqa, ötən ay Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) da məhv edilib.
.