“Füzuli istiqamətində gedən döyüşlərdə yaralandım. Çox ağır döyüşlər gedirdi. Yeriyə bilmirdim, ancaq sürünə bilirdim”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Ömər Ələkbərov deyib.

O qeyd edib ki, ermənilər azərbaycanlı əsirlərə dəhşətli işgəncələr veriblər: “Onlara başa salırdım ki, Azərbaycan əsgəri qorxan deyil. Mənim ayağım yox idi, gözümdən yaralanmışdım, amma onlar bizdən qorxurdular. Mən inanırdım ki, Ali Baş Komandanımız bizi əsirlikdən qurtaracaq. Erməni əsgərə başa saldım ki, biz Ali Baş Komandanımızı ürəkdən sevirik. Bizə işgəncə verirdilər,  bu, onların xoşuna gəlirdi. Biz də qışqırmamağa başladıq. Onda deyirdilər ki, niyə qışqırmırsınız, ağrımır?! Vətənimizin sevgisinə görə o ağrıları hiss etmirdik. Orada ermənilər sual verirdilər ki, sizə iynə vururlar deyə ağrı hiss etmirsiniz? Ermənilər danışırdı ki, vurduğumuz Azərbaycan əsgəri axsaya-axsaya üstümüzə gəlir, siz ölümsüz olursunuz. Onlar bizim yaralı əsgərlərimizdən də qorxub qaçırdılar. Şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə isə şəfa diləyirəm”.

Erməni əsirliyindən azad edilmiş hərbi qulluqçu: “Bizi su içməyə belə qoymurdular”

“Hərbçilərə yemək aparıb qayıdanda yolu səhv getdik, ermənilər bizi əsir götürdülər. Bizi naməlum istiqamətə apardılar, pəncərəsiz yerdə bir neçə gün saxladılar”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Nahid Həmidov deyib.

O, əsrilikdə olduğu müddətdə qeyri-insanı hərəkətlərə məruz qaldıqlarını bildirib: “Su içməyə belə qoymurdular. Ermənilər tarixən bizə qarşı düşmənçilik ediblər, saysız-hesabsız terror aktları törədiblər. Bu terror aktlarını bizə deyib, təkrarlayıb, bununla fəxr etdiklərini bildirirdilər".

Əsirlikdən qayıdan Anar Əliyev: "Ən dəhşətlisi həkimlərin bizə verdiyi işgəncələr idi"

“Prezident İlham Əliyevə təşəkkür edirəm ki, bizi əsirlikdə qoymadı”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Anar Əliyev deyib.

O bildirib ki, könüllü olaraq döyüşlərə qatılıb: “10 noyabrda ermənilər tərəfindən əsir götürüldüm. Əsgərlər də işgəncə verirdilər. Amma ən dəhşətlisi həkimlərin bizə verdiyi işgəncələr idi. Orada bizə mənəvi işgəncələr də verirdilər. Bu, bizi ruhdan salmırdı. 12 gün İrəvanda həbsxana həyatım oldu. Yatanda gəlib bizi vururdular. Gün ərzində cəmi 1 saat ayaqüstə yata bilirdik. 14 dekabrda da bizi gətirəndə hara getdiyimizi bilmədik. Təyyarədə bildik ki, Bakıya gətirilirik. Ölkə Prezidentimizin səyi nəticəsində Dilqəm və Şahbazın da adının siyahıda olduğunu bildik. Onların 6 ildə orada çəkdiyi işgəncələri biz hələ görməmişdik. Biz buna görə çox sevinirdik”.

Erməni əsirliyində olmuş Bayram Kərimov: “Bədənimizə elektrik cərəyanı verirdilər”

“Erməni əsirliyində bizə işgəncə edirdilər, bədənimizə elektrik cərəyanı verirdilər, ayağıma iynə batırırdılar”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Bayram Kərimov deyib.  

“Azərbaycana gələndə sevincimdən uçurdum. Ayaqlarım işləmirdi, yoxsa torpağımızı öpərdim. Prezident İlham Əliyev sağ olsun, onun sayəsində torpağımdayam, ailəmin yanındayam”, - deyə B. Kərimov vurğulayıb.

Əsirlikdə olmuş hərbçi: "İnanırdıq ki, Ali Baş Komandanımız bizi orada qoymayacaq”

“27 sentyabrda döyüşlər başlayan zaman Bakı şəhərində xidmətdə idik. Oradan birbaşa Füzuli rayonu istiqamətində döyüşlərə qatıldım. Mülki əhalimiz də bizə çox dəstək oldu. Döyüşlər müddətində hamımız bir olduq”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Nurlan Əlizadə deyib.

O bildirib ki, axırıncı günlər düşmən əlinə keçib: “Bizə elə işgəncələr verirdilər ki, onu danışmaq olmur. Bizə həm də psixoloji işgəncə verirdilər. Gəncəni vurduqlarını danışırdılar. İçimizdə inam hissi var idi ki, Ali Baş Komandanımız bizi orada qoymayacaq”.

Erməni əsirliyində olmuş hərbçi: “Mənə kəlbətinlə işgəncələr verir, iynələr vururdular”

“Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun müdrik siyasəti nəticəsində biz öz vətənimizə qayıtmışıq”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Mobil Əhmədzadə deyib.

O bildirib ki, Xankəndi-Şuşa yolu istiqamətində ağır yaralanıb, 5 gün meşədə qaldıqdan sonra əsir götürülüb: “34 gün əsirlikdə olmuşam. Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub. Düşmən tərəfindən əsirlərin toxunulmazlığı prinsipinə riayət olunmayıb. 31 gün türmədə qalmışam. Əsirlikdə olanda qələbə qazandığımızdan xəbərimiz yox idi. Dekabrın 11-də onların televizorda bizim parada baxdıqlarını bildim. Bizi Bakıya gətirdiklərini bilmirdik. Bakıya çatanda bildim”.
 

.