"Azərbaycan və Türkiyə arasındakı münasibətlər sözün həqiqi mənasında qardaşlıq münasibətləridir".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral APA TV-də yayımlanan “APAralel” proqramında deyib.

"Strateji ortaqlıq bizim münasibətlərimizi xarakterizə etmək üçün kifayət deyil. Bizim münasibətlər bütün bunlardan daha öndədir. Türkiyənin strateji ortaqlıq daxilində olduğu ölkələrin sayı çoxdur. Lakin bu ölkələrin heç biri ilə bizim Azərbaycanla mövcud olan qardaşlıq münasibətlərimiz yoxdur. Bizim münasibətlər çox dərindir. Bu münasibətlərin kökü ortaq mənfəətlərdə deyil. Onun kökləri hər bir Azərbaycan və Türkiyə vətəndaşının ürəyindədir.

Bizi bir-birimizə bağlayan bağlar bu gün meydana çıxmayıb. İstər Sovetlər dönəmində, istər soyuq müharibə zamanında bizim bir-birimizə qarşı qardaşlıq hisslərimiz vardı. Onun nəticəsi olaraq 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana gəldi. Qafqaz İslam Ordusunun Azərbaycanda olduğu müddət Osmanlının Birinci Dünya Müharibəsində bütün cəbhələrdən geri çəkildi və ölüm-qalım savaşı verdiyi bir dönəmi əhatə edir. Amma buna rəğmən, belə şərtlər altında biz Azərbaycana ordu göndərməkdə tərəddüd etmədik", - səfir vurğulayıb.

Türkiyəli diplomat bildirib ki, zaman ötdükcə iki qardaş ölkə arasında münasibətlər daha da dərinləşir: "Belə münasibətlər dünyanın başqa ölkələrində mövcud deyil. Bu yalnız Türkiyə və Azərbaycan arasındadır".

“Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da bizim üçün elə Vətəndir”.

Bu sözləri “APA TV”nin canlı efirində Türkiyənin azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Qarabağın işğal altında olması eynən onların öz torpağının işğal olması kimidir: “Bu torpaqlar tez bir zamanda işğaldan azad edilməlidir. Öz doğma torpaqlarından qaçqın və köçkün düşən həmvətənlilərimiz öz evlərinə qayıtmasını ürəkdən arzu edirik. ATƏT-in Minsk qrupu indiyə qədər aparılan danışıqlarda müsbət nəticə əldə etməyib. 30 ildir, ortada böyük bir haqsızlıq var, lakin heç kim bu haqsızlığın aradan qaldırılması istiqamətində bir addım atmayıb. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə buradan xəbərdarlıq edirik. Ortada olan ədalətsizlik aradan qalxmayınca Azərbaycanda olan qəzəb daha da böyüyəcək. Ən böyük öncəliyimiz Qarabağ məsələsinin diplomatik yollarla həllini tapmasıdır. Lakin qarşımızdakıların da bunu bilməsi lazımdır ki, hər kəsin bir yerə qədər səbri var. Azərbaycan bu məsələdə yetəri qədər səbir göstərdi”.

"Türkiyə Azərbaycanın müstəqilliyini gücləndirmək üçün əlindən gələni edib".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral APA TV-də yayımlanan “APAralel” proqramında deyib.

"Bu dəstək siyasi, iqtisadi, hərbi, təhsil, mədəniyyət sahəsində olub. Bu gün bütün sahələrdə çox möhkəm münasibətlər və əməkdaşlıq var. Bildiyiniz kimi viza rejimi ləğv olundu, 90 gün iki ölkə vətəndaşları bir-birinin ölkəsində qala bilər. Növbəti hədəfimiz pasportla gediş-gəlişi qaldırmaqdır. Son 30 ildə əlaqələr çox yüksək səviyyəyə çatıb", - səfir bildirib.

Səfir qeyd edib ki, bu gün Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investorlardan biridir: "Hər gün dəyişən, inkişaf edən Azərbaycan görürük. Bu gün Azərbaycan dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyi məsələsində çox vacib bir yerə sahib ölkədir, gücdür. Azərbaycan Qafqazda gücə çevrilib. Biz də Azərbaycandan güc alırıq. Qardaşımızın belə güclü olmasından qürur duyuruq".

“Ermənilər bir neçə ay əvvəl Tovuz bölgəsində təxribatlar törətdilər. Şəhidlərimiz oldu. Təxribatlar hələ də davam edir. Ötən gün daha bir hərbçi yaralanıb. Ermənilər baş verənlərdən bir dərs çıxarmırlar. Artıq hər kəsin ağlını başına alması gərəkdir”.

Bunu APA TV-nin canlı efirində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Qarabağ probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: “Azərbaycanın haqqı və hüquqi tanınmalıdır. Öz torpaqlarından qaçqın düşən qardaşlarımız torpaqlarına qayıtmalıdır. Bunun üçün vaxt çoxdan gəlib keçib”.

.