Türkiyə Rusiya və Ukrayna ilə müharibənin ilk günündən təmasdadır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə ilk gündən etibarən danışıqlar aparır: “Vasitəçiliyimizi müzakirə edirik. Putinlə yenə bu barədə danışdıq. Xüsusilə, Qara dəniz taxıl dəhlizi barədə müzakirələr apardıq”.
R.T.Ərdoğan qeyd edib ki, taxıl dəhlizi ilə bağlı razılıq inkişaf etdirilməlidir: “Qara dəniz taxıl dəhlizini yenidən işlək hala salmağa çalışacağıq. Bu müharibənin nə Rusiyaya, nə də Ukraynaya xeyri var. Savaşın yeganə qazananı qan və ölüm tacirləridir. Mən artıq gərginliyin azalacağına və sülh üçün zəmin yaranacağına inanmaq istəyirəm. Biz bunun üçün öhdəmizə düşəni edəcəyik”.
.