Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyadakı Hmeymim aviabazasında S-400 "Triumf” zenit-raket komplekslərini yerləşdirməsinə görə Moskvaya xəbərdarlıq edib.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bu komplekslərin Suriya hava sahəsinə daxil olan Türkiyə qırıcılarına qarşı tətbiqini "tamamilə mümkün” hesab etdiyini deyib.
"Əgər Türkiyənin döyüş təyyarəsi Rusiyanın zenit-raket kompleksinin köməyi ilə Suriya üzərində vurulsa, Ankara bunu hərbi təcavüz kimi qiymətləndirəcək və cavab addımları atacaq”- deyə Ərdoğan bildirib.
Ancaq Türkiyə prezidenti hansı addımların atılacağını açıqlamayıb: "Belə addımlar müzakirə olunmur”.
Türkiyə Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançısını vurandan sonra Putinin əmri ilə Suriyaya S-400 kompleksləri göndərilib. Noyabrın 27-də bu komplekslər artıq Suriyaya çatdırılıb və Hmeymim aviabazasında döyüş növbəsinə başlayıb. S-400 kompleksləri istənilən hava hədəflərini vura bilir və göstəricilərinə görə dünyada bənzəri yoxdur.
Rusiya Suriyanın Latakiyə şəhəri sahillərinə S-300 komplekslərinin analoqu olan zenit-raket kompleksləri ilə təchiz edilmiş "Moskva” kreyserini də göndərib.
Analitiklər hesab edir ki, Putin Rusiya təyyarəsinin vurulmasını cavabsız qoymayacaq və Ankaraya qarşı siyasi, iqtisadi və diplomatik cəza tədbirləri ilə yanaşı hansısa formada hərbi yolla da qisas alacaq.
Hazırda Rusiya rəsmi təbliğatı əsas səyləri Türkiyə rəhbərliyinin İŞİD-lə neft biznesinə, habelə Ankaranın İŞİD-i və digər radikal islamçı qruplaşmaları silah-sursatla, pulla təchiz etdiyinə dair iddiaların geniş təbliğ edilməsinə yönəldib.
Türkiyədə isə Ərdoğanın İŞİD-ə silah göndərməsi barədə məlumatları yayan iki jurnalist - "Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbs olunublar. Onlar dövlət əleyhinə casusluqda və terrorçu qruplaşmalara yardım göstərməkdə ittiham olunurlar.
Bu ittihamlar üzrə jurnalistləri ömürlük həbs gözləyir. Onların barəsində Ərdoğan özü məhkəməyə şikayət edib.
"Cümhuriyyət” qəzeti 2014-cü ildə Türkiyədən Suriyaya göndərilən TIR-larda İŞİD və "əl-Nüsra Cəbhəsi” qruplaşması üçün nəzərdə tutulmuş silah-sursatın aşkarlandığı haqda yazmışdı.
Ərdoğan isə bildirir ki, həmin silahlar və humanitar yardım Suriya türkmənləri üçün nəzərdə tutulub.
Son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi aviasiyanın Suriya üzərində uçuşlarını dayandırıb. Məlumatı "Hürriyet Daily News” hərbi qaynaqlara istinadən yayıb.
Mənbə bildirib ki, bu addım Moskva ilə razılaşdırılıb, qərarın özü isə Rusiya bombardmançısının vurulmasından sonra qəbul edilib.
Türkiyə ABŞ-ın başçılıq etdiyi koalisiyanın tərkibində Suriya əməliyyatlarında iştirak edirdi.
.
