Türkiyə Böyük Millət Məclisi polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə artıran qanun layihəsini qəbul edib.
ANS PRESS-in məlumatına görə, sənəd polisin səlahiyyət siyahısını genişləndirir. Bundan sonra türk hüquq-mühafizə keşikçiləri lazım bildikləri məqamlarda odlu silah tətbiq edə biləcəklər. Bundan başqa, polis məhkəmənin sanksiyası olmadan şübhəli şəxsləri 48 saatda saxlaya biləcək və həbs haqqında əmr verəcək. İndiyədək həbs barədə vermək səlahiyyəti yalnız prokurorlara, hakimlərə və yerli qubernatorlara məxsus idi.
Qanun layihəsi müxalifət nümayəndələri tərəfindən sərt tənqidə məruz qalıb. Onların sözlərinə görə, bu, avtoritarizmə doğru növbəti addımdır, həmçinin türk-kürd danışıq prosesinə zərbədir. Səsverməni baykot etmək cəhdlərinə, parlamentdə dava düşməsinə baxmayaraq, qanun qəbul edilib.
Müxalifət deputatları sənədlə bağlı Konstitusiya Məhkəməsinə şikayət edəcəklərinə söz veriblər.
Xatırladaq ki, Türkiyədə 2013-cü ildə kütləvi etiraz aksiyaları keçirilib. İştirakçılar o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı çıxırdılar və onu avtoritarizmdə və öz ideologiyasını yaymaqda gunahlandırdılar. Nümayişlərin dağıdılmasında xüsusi təyinatlı polis dəstəsi və jandarm qüvvələri iştirak etdi. Hakimiyyət bir sıra güzəştə qərar verdikdən iki həftə sonra etiraz dalğası azalmağa başladı.
Onu da xatırladaq ki, etirazlara səbəb İstanbuldakı Gəzi parkı hadisələri olmuşdu..