“Xüsusilə üzərində durduğumuz məsələ Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir”.

Bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, Cənubi Qafqazda 6-cı platformanın qurulması ilə bağlı danışıqlar davam edir: “Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan olaraq birgə addımı ataq, bölgədə sülh yaradaq. Bu mövzuda cənab İlham Əliyev zatən Ermənistana sülh təklifi edib. Əgər bu ölkələr hamısı müsbət yanaşarsa, bu platforma yaradılacaq və bölgə barış hövzəsinə çevriləcək”.

Türkiyə Prezidenti yalnız bu halda Ermənistanla əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyini deyib.

Ərdoğan: “Cənab Baydenin Türkiyəyə F-16-lar verilməsi mövzusuna müsbət yanaşdığını gördüm”

“Co Baydenlə görüşümüzdə F-35 təyyarələrindən qaynaqlanan F-16-ların verilməsi mövzusunda da müzakirə apardıq”.

Bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, F-16-ların modernləşdirilməsi və ya yenilərinin verilməsi mövzusunda ABŞ və Türkiyə müdafiə nazirlərinin danışıqları, habelə əlaqələri davam edir.

Türkiyə Prezidenti Co Baydenlə təkbətək görüşünün keçirilmədiyini vurğulayıb və görüş dar çərçivədə olduğu üçün bu mövzuda qısa fikir mübadiləsi edildiyini deyib: “Cənab Baydenin F-16-lar verilməsi mövzusuna müsbət yanaşdığını gördüm”.

Ərdoğan Aİ ordusunun yaradılması ehtimalına inanmadığını bildirib

“Avropa İttifaqının öz ordusunun yaradılması ehtimalına inanmıram”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə G20 sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə Romada keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan əlavə edib ki, bu, mümkün olan layihə deyil.

Ərdoğan: “İki günlük zirvə görüşü çərçivəsində çox sayda ikitərəfli görüşlər keçirdik”

“Romada iki günlük zirvə görüşü çərçivəsində çox sayda ikitərəfli, faydalı görüşlər keçirdik”.

Bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

İtaliyanın ev sahibliyi ilə keçirilən G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti İtaliyanın Baş naziri Mario Draqi, Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen, Hollandiyanın Baş naziri Mark Rutte, İndoneziyanın Prezidenti Coko Vidodo, ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Aİ Prezidenti Şarl Mişel və Almaniya kansleri Angela Merkel ilə görüşdüyünü, digər iştirakçılarla bir araya gəldiyini bildirib.

Keçirilən görüşlərin qlobal, iqtisadi və siyasi sabitlik üçün faydalı olmasını arzulayan Prezident Ərdoğan G-20 samittinə rəhbərlik edən İtaliyaya təşəkkür edib və bu vəzifəni üzərinə götürən İndoneziyaya uğurlar diləyib.

R.T.Ərdoğan G-20 çərçivəsində dünyada yaşıllıqların inkişafı mərhələsində Türkiyənin önəmli rol oynayacağını deyib.

.