“Bildiyiniz kimi, bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı anlaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu anlaşma aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq”.

“Hürriyət” qəzeti verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin Rusiya sülhməramlı qüvvələri ilə bağlı sualına cavabında deyib.

Bununla bağlı məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini vurğulayan Ərdoğanın sözlərinə görə, onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar: “Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. Yəni, inşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”.

Ərdoğan: “44 günlük mübarizədə Türkiyə anbaan Azərbaycanın yanında oldu, davamlı olaraq şəxsən prosesi izlədim”

"Qarabağ zəfərini gətirən 44 günlük mübarizə boyunca Türkiyə anbaan Azərbaycanın yanında oldu. Mən davamlı olaraq şəxsən prosesi izlədim”.

“Hürriyət” qəzeti verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Başda xarici işlər nazirimiz, milli müdafiə nazirimiz, Milli Kəşfiyyat Xidmətinin rəisi və digər rəsmilərimiz əlaqələri daima diri tutdular. Bununla bərabər, digər qruplarımız oraya gedib-gəlməklə, prosesi yaxından izlədilər. Qardaşım İlham Əliyevlə mütəmadi olaraq telefon danışıqlarını həyata keçirdik. Meydanda və diplomatiya masasında gərgin bir mübarizə verildi. Əminəm ki, bu 44 günün pərdə arxası yazılacaq. Zaman bu işin çox ciddi bir şahidi olacaq”, - deyə Ərdoğan vurğulayıb.

.