“65 yaşdan yuxarı, 20 yaşdan aşağı olan vətəndaşlarımız məhdud saatlarda küçəyə çıxa biləcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra belə bildirib.

R.T.Ərdoğan deyib ki, saat 11:00 və 15:00 arası yaşı 65-dən yuxarı olan Türkiyə vətəndaşlarına həftədə bir dəfə 4 saat məhdudiyyətlə və sosial məsafəni qorumaqla küçəyə çıxmalarına icazə veriləcək: “Yaşı 65-dən yuxarı olan vətəndaşlarımız 10 mayda - bazar günündə yalnız yaxın məsafələrdə piyada gəzintiyə çıxa biləcək”.

Türkiyə Prezidenti 20 yaşa qədər olanlar üçün isə küçəyə çıxmanın iki qrupa ayrılmaqla tətbiq olunacağını bildirib: “0-14 yaş qrupuna daxil olan övladlarımız 13 mayda yenə 11:00 və 15:00 saatları arasında, 15-20 yaş qrupuna daxil olan gənclərimizin isə 15 mayda eyni şərtlər daxilində piyada gəzintiyə çıxmalarına izn var".

Prezident may ayı üçün “normallaşma planı”na daxil olan bu tədbirlərin növbəti həftələrdə də eyni gündə eyni saatlarda tətbiq olunacağını vurğulayıb.

R.T.Ərdoğan bu həftəsonu da küçəyə çıxma qadağasının məhdudiyyətlə qüvvədə qalacağını deyib.

Türkiyənin 7 vilayətinə giriş-çıxış qadağası bu gecədən ləğv olunur

“Bu gecədən 7 vilayətimiz - Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğlaya giriş-çıxış məhdudiyyəti aradan qaldırılacaq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərilə keçirilən videokonfransdan sonra belə bildirib.

Türkiyə Prezidenti deyib ki, indiyədək giriş-çıxış qadağası qoyulan 31 vilayətdən 24-də isə bu məhdudiyyət 15 gün davam edəcək.

R.T.Ərdoğan İstanbul, Ankara və İzmirdəki xidmət taksilərinin tək və cüt nömrə ilə fəaliyyət göstərməsi qərarının 5 maydan ləğv olunduğunu da bildirib.

.