Xəbər verdiyimiz kimi, Türkiyə baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılıb. Türkiyə mətbuatının yazdığına görə, AKP növbədənkənar qurultaya hazırlaşır.
Bu gün isə AKP-nin Mərkəzi İdarə Heyətinin toplantısı olacaq. Məlumata əsasən İdarə Heyətinin toplantısından sonra Davudoğlu mətbuat konfransı keçirəcək və yeni qurultayın tarixini elan edəcək.
Bəs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Baş nazir Əhməd Davudoğlu arasında nə baş verir?
Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, politoloq Toğrul İsmayıl sözügedən məsələylə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, partiya sədrliyinə seçiləcək adam avtomatik olaraq Baş nazir postuna yiyələnəcək: "Keçiriləcək qurultayda Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq sədri Əhməd Davudoğlu öz namizədliyini irəli sürməyəcək. Səs çoxluğu ilə seçilən şəxs partiya sədri olacaq və eyni zamanda o, avtomatik olaraq Baş nazir vəzifəsinə təyin ediləcək. Dolayı yolla Davudoğlu partiya sədrliyi və Baş nazir vaəzifələrini itirmiş sayılır”.
T.İsmayıl qeyd edib ki, Ə.Davudoğlunun uzaqlaşdırılmasına səbəb partiyadaxili bəzi məsələlərdə Baş nazirlə Rəcəb Tayyib Ərdoğanın görüşlərinin üst-üstə düşməməsi olub: "Böyük ehtimalla bu, başqanlıqla bağlı olan məsələdir. Rəcəb Tayyib Ərdoğan ona daha rahat olması üçün partiyanın başında onun siyasi görüşlərinə uyğun gələcək bir ismin olmasına üstünlük verir. Əhməd Davudoğlunun bu məsələ ilə bağlı tərəddüdləri vardı. Səbəblərdən biri budur.
Digər səbəb isə partiyanın özünün hakim olmaq istəməsidir. Ə.Davudoğlunun, yönəldici başqanların və partiya liderlərinin dəyişməsi də bunu göstərdi”.
T.İsmayıl hesab edir ki, uzun zamandır ki, bu istiqamətdə mübahisələr gedir və bu qərar qəfildən verilməyib.
