"YPG-yə ağır silahların verilməsi ABŞ-la olan strategiyamıza ziddir”.

Türkiyə mediası xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfəri öncəsi Esenboğa hava limanında jurnalistlərə açıqlamasında deyib.
"Çindən sonra ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edəcəm. ABŞ-a səfər ölkəmizin strateji mövqeyini önə çıxaracaq. Trampla ikitərəfli əlaqələrimiz, həmçinin İŞİD, Suriya, İraq və miqrant böhranı kimi mövzularda fikir mübadiləsi olacaq. Əlbəttə FETÖ və YPG/PYD kimi Türkiyənin təhlükəsizliyinə təhdid yaradan ünsürlər də gündəmdə olacaq”, - Ərdoğan bildirib.
Vaşinqtona daha əvvəl türk nümayəndə heyətinin (Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözçüsü İbrahim Kalın –red.) getdiyini deyən prezident öz səfərinin vergül deyil, nöqtə xarakterli olacağını vurğulayıb.
"Bu bölgədə nə ABŞ, nə də Rusiya üçün təhdid var. Tükiyə və bu ölkənin insanları üçün təhdid var. NATO-da bir güclü ölkə güclü bir partnyoru ilə addımlar atmalıdır. Biz əsla terror təşkilatını ABŞ-ın, ABŞ-ı da terror təşkilatının yanında görmək istəmirik. Eyni şeyi Putinə də söylədim. Bu səfərin inşallah, qırılma nöqtəsi və yeni miladın olacağını düşünürəm”, - Türkiyə prezidenti əminliyini ifadə edib.

.