Tramp seçki kampaniyasını çox güclü şəkildə yorulmadan, usanmadan davam etdirdi. Bu, hər siyasətçinin asanlıqla başa çatdıra biləcəyi bir iş deyil. Tramp bunu bacardı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsini dəyərləndirərkən deyib.

O, bu seçkinin, ilk növbədə, Amerika Birləşmiş Ştatlarına, bölgəyə və dünyaya xeyirli olmasını arzu edib.

"Cənab Tramp seçki prosesində sui-qəsd cəhdi daxil olmaqla bir çox çətinliklərə qarşı həqiqətən böyük bir mübarizə nümunəsi göstərdi. Məlum olduğu kimi, onu vurmağa cəhd etdilər, güllə yarası aldı. Əlləri qandallı halda polis məntəqələrinə apardılar. Bütün bu hadisələr baş verərkən o, seçki kampaniyasını həqiqətən çox güclü şəkildə yorulmadan, usanmadan, müqavimət göstərərək davam etdirdi. Bu, hər siyasətçinin asanlıqla başa çatdıra biləcəyi bir iş deyil. Tramp bunu bacardı. Seçkinin ilk dövrlərində həmişə deyilən bu idi: "Kamala Harris bu seçkini böyük fərqlə qazanacaq." Həmişə bunu dedilər. Trampa da doğrusu şans vermirdilər. Lakin son mərhələyə girdikdə fərq daim artmağa başladı. Tramp inanmışdı və nəticəni də uğurla əldə etdi", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu prosesdə Trampın yanında yalnız İlon Mask var idi:

"İlon Mask onunla əl-ələ, baş-başa verdi. Bütün məhkəmə prosesi də daxil olmaqla bu qədər yüklənmələrinə baxmayaraq, Tramp, məncə, çox uğurlu bir sınağı yorulmadan, usanmadan keçdi".

.