İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İranın dondurulmuş aktivləri ilə bağlı bəyanatına münasibət bildirib.
Əraqçi sosial şəbəkə hesabında yazıb ki, bir ölkənin aktivlərinin gələcəkdə irəli sürülə biləcək və birbaşa əlaqəsi olmayan tələblərin ödənilməsi məqsədilə dondurulması təhlükəli presedent yaradır.
Nazir bildirib ki, belə addımdan faydalanacağını düşünənlər nəzərə almalıdırlar ki, hökumətlər başqalarına məxsus əmlakın müsadirəsini adi praktikaya çevirərsə, heç bir dövlətin aktivləri artıq təhlükəsizlik və toxunulmazlıq zəmanətinə malik olmayacaq.
Əraqçinin sözlərinə görə, bunun nəticəsində yarana biləcək xaos və sabitsizlik nə dövlətlərin, nə də beynəlxalq sülhün maraqlarına xidmət edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə saat əvvəl bildirib ki, gəmilərə və yüklərə dəyəcək hər hansı zərər ABŞ-da dondurulmuş İran aktivləri hesabına ödəniləcək.
.
