Cəlilabad rayon Göytəpə qəsəbəsinin sakini İsmayıl İbrahimov ARB-nin qaynar xəttinə müraciət edərək mənzilinə verilən elektrik enerjisinin haqsız yerə kəsildiyini iddia edir. Şikayətçi bildirib ki, yaşadığı ünvana istifadə etdiyi elektrik sərfiyyatı ilə bağlı bildiriş təqdim edilib. 
Bildirişdə abunəçinin 200 manat debitor borcu olduğu bildirilib. Əməkdaşlarımız vətəndaşın yaşadığı ünvanda olub problemi araşdırmağa çalışıb.
Göytəpə qəsəbə sakini İsmayıl İbrahimov deyir ki, problemin həllini tapmaq üçün iki təşkilata ayrı-ayrılıqda müraciət edib. Hər iki qurumun yerli şöbəsinin müraciətinə verdiyi cavab problemi həll etməyib. Belə ki, "Azərişıq" ASC-nin Cəlilabad rayon şöbəsindən vətəndaşa bildirilib ki, istifadə etdiyi enerji sərfiyyatlarının ödənişləri Azərenerjinin balansına oturmadığı üçün Azərişığın sistemində də görünmür. Bu səbəbdən də abunəçi Azərişıq ASC –nin məlumat bazasında debitor borclu abonent kimi göstərilir. Adıçəkilən qurum abunəçiyə Azərpoçtun Cəlilabad filialına müraciət etməyi tövsiyə edib. Məsələyə aydınlıq gətirmək üçün "Azərişıq" ASC-nin Cəlilabad rayon şöbəsində olduq. Şəbəkədən bizə vətəndaşın müraciəti ilə bağlı hər hansı sualımızı Cənub regional enerji təchizatı və satışı idarəsinə ünvanlamağımız məsləhət görüldü. Biz də həmin ünvanda olub, idarənin rəisi Hikmət Həsənovla görüşdük. İdarə rəisi sualımızı şifahi cavablandıraraq vətəndaşın problemindən xəbərdar olduğunu bildirdi. Qeyd etdi ki, İsmayıl İbrahimovun müraciəti əsasında debitor borcu ilə bağlı yaranan problem tərəfimizdən araşdırılıb. Ödənişlərin dövriyyəyə işlənməsi mexanizmi prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı müvafiq fərmana əsasən milli ödəniş sistemi yaradılıb. Bütün enerji təchizatı müəssisələri milli ödəniş sisteminə inteqrasiya olunub. Həmçinin banklar, Azərpoçt və terminallar ödəniş sisteminə qoşulub. Vətəndaş istifadə etdiyi enerjinin sərfiyyatının pulunu poçtda ödəyərkən əgər debitor borc yaranmışdısa bizə müraciət etməli idi. Axı bu məsələdən bir neçə il keçib. Onun hazırda enerjidən istifadə edə bilməməsinin səbəbi budur. Yalnız debitor borc qaytarıldıqdan sonra onun mənzilinə enerjinin verilməsi bərpa olunacaq. Hikmət Hüseynovu dinlədikdən sonra "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Vətəndaşın probleminə aydınlıq gətirən qurumun rəsmisi bildirdi ki, İsmayıl İbrahimov bizim abonentdir. Onların şikayətləri 24 saat bizdə qəbul olunur. Hər hansı şikayəti ilə bağlı bizə ərizə ilə müraciət etsin. Bütün bildirişləri bu ərizəyə daxil etsin, problemi araşdırıb vətəndaşa tezliklə cavab veriləcək. Bildirişlərin qəbzinə gəlincə isə Azərpoçtun Cəlilabad filialının müdiri Vüsal Kazımov bildirdi ki, debitor borcla bağlı vətəndaş məsuliyyətdən yayınmayıb. Çünki hər bir abunəçinin poçt şöbəsinə ödədiyi kommunal borclar ardıcıl sürətdə həmin qurumların balansına yerləşdirilir. Sadəcə Nazirlər kabinetinin müvafiq qərarına əsasən qəbzlərin saxlama müddəti 3 il olduğundan ödənilən qəbzlərin əsaslarını göstərmək mümkün deyil. Lakin vətəndaşın rəsmi sürətdə müraciətindən sonra bütün illərin ödəniş hesabatı ona təqdim oluna bilər. İndi qalır İsmayıl İbrahimovun hər iki quruma rəsmi müraciəti. Ümid edirik ki, vətəndaşın müraciətindən sonra məsələyə aydınlıq gətiriləcək.
Yenizaman.az

.