Təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib.

Nazir hazırda məsələ ilə bağlı ictimai müzakirələrin getdiyini və bunu izlədiklərini bildirib.

O qeyd edib ki, müxtəlif fikirlər səslənir. Nazir bunlara fikir bildirənlərə təşəkkür edib: “Çünki bəzən səsləndirilməyən də təəssüf ki, səsləndirilir. Bu da gözləniləndir. Burada hər hansı bir ümidsizliyə qapılmağa ehtiyac görmürəm. Lakin ümumilikdə bir neçə prinsip vacibdir. Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları, yaxud təhsili idarə edən hər hansı şəxslərin məktəbdə dırnaqarası pul yığması, yaxud maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir. Hesab edirəm ki, biz məktəblərə resurs cəlb oluna bilər fikrini səsləndirəndə və bu könüllü əsasda olmalıdır dedikdə bu, məktəb direktoru, yaxud hansısa məmur tərəfindən mütləq olmalıdır fikri kimi başa düşülməməlidir. Könüllülük çox vacib məsələdir. Bu da o demək deyil ki, kimsə buna məcbur edilə bilər, sadəcə istəyə bağlıdır”.

“Kimsə öz oxuduğu, məzun olduğu, yaşadığı yerin həyətində olan, yaxud övladının təhsil aldığı məktəbə hər hansı şəkildə, eləcə də qanunda zidd nəzərdə tutulmayan mövzu ilə bağlı könüllü olaraq hansısa maddi resursu vermək istəyirsə, bunun mexanizmi olmalıdır”, - deyən nazir əlavə edib ki, bəzən yanlış olaraq Valideyn Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin qurumu kimi başa düşülür: “Amma bu belə deyil. Bu, valideynlərin özünü idarəetmə qurumudur. Yəni təşkilat ola da bilər, olmaya da bilər. Valideynlər qərar verməlidirlər ki, onlar məktəbin idarəetməsində iştirak etmək üçün bu və ya digər ictimai qurumlarda təmsil olunub bu işi görmək istəyirlər ya yox. Təbii ki, təmsil olunub bu işi görə bilirlərsə, bu, şagird, təhsil və məktəb üçün də yaxşı xəbərdir. VMA və bu kimi ictimai təşkilatlar cəmiyyət üçün yeni və öyrəşmədikləri modellərdir. Qanunvericiliyə görə də belə qurumların fəaliyyəti hələlik qadağan olunmayıb. Söhbət könüllü yığılan vəsaitin şəffaflıq, hesabatlılıq prinsipi əsasında şagirdlərin inkişafı naminə toplanıb xərclənməsində bir problem olmasından gedir”.

Onun sözlərinə görə, müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır: “Bu, risklidirmi, hansı risklər var və nəyi pisdir? Əgər valideyn bütün vergilərini ödəyəndən sonra könüllü olaraq əlindəki əlavə vəsaiti hər hansı səbəblə məktəbə vermək istəyirsə, arqument olmalıdır ki, bu çox pisdir və bunu etmək olmaz. Yaxud da bu cinayət deyilsə və mümkündürsə bunun mexanizmini müzakirə etməliyik. Məncə bu növbəti addımdır.

Hələlik ictimai müzakirələrdə səsləndirilən fikirləri toplayırıq, ictimaiyyətin rəyini öyrənirik. Hesab edirəm ki, gələn ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək. Müzakirələrin davamlı olmasını istəyirik. Mövzu ətrafında hansısa kənara çıxmalar olmadan bu müzakirədə iştirak edən hər kəsə təşəkkür edirəm. növbəti mərhələdə artıq ictimaiyyətə ayrı-ayrı mexanizm və modelləri təqdim edə biləcəyik. Orada da eyni sual olacaq ki, bu pisdirmi, yaxşıdırmı? Addım-addım yeni modellərdən qorxmamalıyıq. Məktəb rəhbərliyi ilə bağlı mənfi fikri olanlar da var. Yəqin ki, bunun da səbəbləri var. Lakin bu, hər zaman belə qalası deyil. Biz bunu yaxşıya və işləyən mexanizmlərə doğru dəyişməliyik. Təbii ki, bunu məcbur etməliyik deyə bir şey də yoxdur. İlk növbədə valideyn və ictimaiyyət məsələnin mahiyyətini anlamalı, istəməli və tətbiq etməlidir. İstəməsələr, olmayacaq. Olmasa da sadəcə məktəbə əlavə resurs gəlməyəcək”.

Emin Əmrullayev: “Təəssüf ki, bir çox hallarda məktəblərdə inzibatçılıq, təsərrüfatçılıq pedaqoji fəaliyyəti üstələyir”

“Məktəb rəhbərliyindən çox şey asılıdır. Səriştəli kadrların tapılıb məktəblərə rəhbər təyin edilməsi ən prioritet məsələlərdən biridir”.

Bunları təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, son illər yüzlərlə məktəb direktoru şəffaf şəkildə müsabiqə və müsahibələrdən keçərək təyinat alıblar: “Mənim anlayışımda məktəb rəhbərliyi ilk növbədə pedaqoji lider olmalıdır. Yəni şagirdlərin öyrənməsini təmin etməlidir. Məktəb direktorunun gün sonunda özünə verdiyi sual bu olmalıdır: - bu gün nə qədər öyrənmə baş verdi”.

O qeyd edib ki, hər zaman şəffaflıq və səmərəlilik arasında seçim edilməlidir: “Hazırda keçirilən test imtahanları və ya bu formatda direktorların işə qəbulu müəyyən mənada şəffaflığı təmin edib. Lakin həqiqətən də lazım olan pedaqoji dəyərlərin, səriştələrin bu üsulla təyin etmək mümkün olmur. Dünyada qəbul olunan metodologiya bundan ibarətdir ki, biz daha çox müsahibələr əsasında insanları işə qəbul edək. O zaman digər problemimiz yaranır: - şəffaflıq, inam, etibar və s. Bu səbəbdən yəqin ki, balanslaşdırılmış bir yol tapmalıyıq”.

E.Əmrullayev vurğulayıb ki, məktəb inspektorları ilə bağlı ilkin nəticələrin maraqlı məqamları var: “Təəssüf ki, bir çox hallarda Azərbaycan məktəbində inzibatçılıq, təsərrüfatçılıq, yaxud hansısa texniki logistik işlər pedaqoji fəaliyyəti üstələyir. Bunu qınamaq üçün yox, sadəcə həqiqəti təsvir etmək üçün deyirəm. Məktəb rəhbərinin fokus olunmalı olduğu məsələ öyrənmədir. Ona görə də şagirdlərin nə qədər öyrənməsi daha çox müzakirə olunmalıdır”.

Təhsil naziri valideylərin uşaqlarını repetitor yanına göndərməsinin səbəblərini açıqlayıb

Təhsil naziri valideylərin uşaqlarını repetitor yanına göndərməsinin səbəblərini açıqlayıb
“Repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır. Heç kim öz övladını repetitor yanına ona görə göndərmir ki, riyaziyyatı daha yaxşı bilsin. Yəni məqsəd sonda universitetə qəbul olmaqdır”.

Bunları təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda universitetlərə qəbul faizi nisbətən aşağıdır: “Eyni zamanda hamı ali təhsilli ola bilmir. Ali təhsilə qəbul ənənəvi olaraq müəyyən mənada hamı üçün olan təhsil deyil. Biz ali təhsili hamımız üçün qəbul etmirik. Ali təhsili yalnız minimal bal toplamış insanlar üçün məqbul hesab edirik. Yəni bu cəmiyyətin gəldiyi qərardır. Hamı ali təhsilli olmalıdırmı - bu ayrı mövzudur. Mən belə hesab etmirəm. Repetitorluq təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində var. Amma o ölkədə bu daha çoxdur ki, təhsil modeli olaraq rəqabətlilik seçib. Kim daha çox bal yığdı, kim daha irəli getdi”.

“Dəfələrlə bu misalı verirəm ki, bu gün Azərbaycan təhsilinin keyfiyyəti şərti olaraq 200 ballıqdır. Sabah islahatlar etdik və 200 bal qalxaraq 300 bal oldu. Yəni 33 % təhsilin keyfiyyəti yaxşılaşdı. Belə olan təqdirdə şagirdlər onda da repetitor yanına getməyəcəklərmi? Yəqin ki, yenə də gedəcəklər. Çünki indiki qəbul modelimiz bu məntiqə əsaslanır ki, bir yer üçün 2 nəfər mübarizə aparır. Ona görə də şagirdlər qəbul imtahanına daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq nəsə bilik almaq marağı olacaq. Loru dildə izah etsək, dövlət həmişə hamı üçün sabit məşq yeri yaradır. İnsanlar belə başa düşür ki, məktəbdən kənarda məşğul olsalar digərlərinə nisbətən daha yüksək bal toplaya biləcəklər”, - o əlavə edib.

Emin Əmrullayevin sözlərinə görə, repetitorluq vacib ictimai müzakirə mövzusudur: “Bunu qadağan etmək olarmı? Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Misal olaraq, təmayül sinif və məktəblərin yaradılması buna nümunədir. Ümumilikdə isə bu məsələnin dərin, köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik”.

.