“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nı təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu sahələr üzrə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır. Emal edilməmiş almazların idxalı və ixracı Agentliyin rəyi alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə (KPSS) üzv olan dövlətlərdən həyata keçirilə bilər.

Agentlik emal edilməmiş almazlara dövlət nəzarətini aşağıdakı qaydada həyata keçirir:
- emal edilməmiş almazın idxalı və ixracı məqsədilə rəy təqdim edir;
- emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində izlənilməni həyata keçirir;
- emal edilməmiş almazları müşayiət edən Kimberli prosesi sertifikatı ilə idxal olunan emal edilməmiş almaz partiyasının uyğunluğunu yoxlamaq məqsədilə malın qablaşdırılmasını açır və gemoloji ekspertizasını aparır;
- KPSS-nin tələbləri nəzərə alınmaqla ixrac edilən emal edilməmiş almazlara Kimberli prosesi sertifikatını təqdim edir;
- emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi və dövriyyəsini həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatını aparır;
- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, emal edilməmiş almazlarla əlaqədar Qanunun 3-cü maddəsinə əsasən aparılan əməliyyatlar barədə məlumatların normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada verilməsini yoxlayır.
Emal edilməmiş almazların idxal və ixrac edilməsi məqsədilə Agentliyin rəyinin təqdim olunması üçün ərizəçi Agentliyə bu Qaydaların 1 nömrəli əlavəsinə əsasən tərtib edilmiş ərizə ilə Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən elektron kabineti vasitəsilə müraciət edir.
Emal edilməmiş almazların ixracı və idxalı üçün Kimberli prosesi sertifikatının etibarlılıq müddəti başa çatdıqda, emal edilməmiş almaz partiyasının idxalına və ya ixracına icazə verilmir. Emal edilməmiş almazlar yalnız hava nəqliyyatı vasitəsi ilə idxal və ixrac oluna bilər. Emal edilməmiş almazlara dair gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi gömrük qanunvericiliyinə uyğun həyata keçirilir.
Agentliyin rəyinin verilməsindən aşağıdakı hallarda imtina oluna bilər:
- mal partiyaları ərizəçinin təqdim etdiyi sənədlərə uyğun gəlmədikdə;
- Kimberli prosesi sertifikatının etibarlılıq müddəti bitdikdə.

Kimberli prosesi sertifikatı emal edilməmiş almaz partiyasının təqdim edildiyi tarixdən etibarən 30 gündən çox olmayan müddətə verilir. Kimberli prosesi sertifikatı xarici ticarət müqaviləsi əsasında hər bir ixrac olunan partiyaya təqdim olunur. Emal edilməmiş almazlar Kimberli prosesi sertifikatının icazəsiz açılması məhdudlaşdırılan, qorunan şəffaf, möhürlənmiş qablarda (qutularda) yerləşdirilir. Sertifikatın unikal nömrəsi konteynerdə (qutuda) təkrarlana bilər.
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi və dövriyyəsini həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı Agentlik tərəfindən aparılır. Sahibkarlıq subyektlərinin qeydiyyatının aparılması elektron formada həyata keçirilir.

.